Azərbaycanda ən yüksək rütbələri kimlər daşıyır? - ADLAR

Azərbaycanda ötən il dövlət qulluğunda, hüquq-mühafizə və digər xüsusi xidmət orqanlarında dərəcələrin, hərbi və diplomatik rütbələrin qarşılıqlı uyğunlaşdırılması aparılıb. Bununla yüksək vəzifə sahiblərinin statusu və məsuliyyət dərəcəsi müəyyənləşdirilib.
Azərbaycanda ən yüksək ali rütbələr və ixtisas dərəcələri bir neçə sahədə mövcuddur.
Belə ki, dövlət qulluğunda ən yüksək ixtisas dərəcəsi həqiqi dövlət müşaviri hesab edilir. İndiyədək bu dərəcə 3 nəfərə verilib. Onlar Prezident Administrasiyasının hazırkı rəhbəri Samir Nuriyev, sabiq rəhbəri Ramiz Mehdiyev və Milli Məclis Aparatının keçmiş sədri Səfa Mirzəyevdir. S.Mirzəyev ötən il vəfat edib.
Müvafiq qanunvericiliyə görə, həqiqi dövlət müşavirlərinin maaşlarına hər ay 200 manat əlavələr edilir.
Həqiqi dövlət müşavirinə uyğun hərbi rütbə “ordu generalı” hesab edilir. Azərbaycan bu ali hərbi rütbəyə hələlik heç kimə verilməyib.
Prokurorluq və ədliyyə orqanlarında isə oxşar rütbə “həqiqi dövlət ədliyyə müşaviri”dir. Bu rütbə indiyədək 2 nəfərə verilib. Sabiq baş prokuror İxtiyar Şirinov bu rütbəni 1992-ci ildə alıb, bir il sonra rütbədən məhrum edilib. 1993-cü ildə isə həqiqi dövlət ədliyyə müşaviri rütbəsi həmin dövrdə respublika prokurorluğuna rəhbərlik edən Əli Ömərova verilib.
Gömrük orqanlarında “həqiqi dövlət gömrük xidməti müşaviri”, vergi orqanlarında “həqiqi dövlət vergi xidməti müşaviri” kimi rütbələr mövcuddur, ancaq onlar da indiyədək heç kimə verilməyib.
Fövqəladə hallar, miqrasiya və daxili işlər orqanlarında, həmçinin diplomatik xidmət sahəsində yuxarıdakı rütbələrlə eyni dərəcədə olan rütbələr mövcud deyil./modern.az