Rusiyadan Ukraynaya kütləvi raket və dron hücumu - Şəhərlərə 574 PUA və onlarla raket buraxıldı
Avqustun 21-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı növbəti kütləvi hava hücumu həyata keçirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, gecə ərzində Ukrayna ərazisinə ümumilikdə 574 ədəd “Shahed” tipli zərbə dronu və müxtəlif tipli pilotsuz uçuş aparatları, həmçinin çoxsaylı raketlər buraxılıb.
Buraxılanlar arasında:
4 ədəd hipersəs sürətli “Kinjal” (X-47M2) raketi;
2 ədəd “Iskander-M” və ya KN-23 ballistik raketi;
19 ədəd X-101 tipli qanadlı raket;
14 ədəd “Kalibr” qanadlı raketi;
1 ədəd növü müəyyən olunmamış raket olub.
Ukraynanın hava hücumundan müdafiə sistemləri bu hücumun qarşısını qismən ala bilib:
546 dron və 1 “Kinjal” raketi,
18 X-101 raketi,
12 “Kalibr” raketi Ukrayna hava məkanında məhv edilib.
Bununla belə, hücum nəticəsində ölkənin 11 fərqli bölgəsində raket və dronların hədəfə dəydiyi bildirilir. 3 ayrı yerdə isə raket və pilotsuz aparatların qalıqları mülki obyektlərin üzərinə düşüb. Hücumların nəticələri – dağıntılar və mümkün itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Ukrayna rəsmiləri əhalini hava həyəcan siqnallarına ciddi yanaşmağa, sığınacaqlara vaxtında keçməyə çağırır.
Press-fakt