TÜRKİYƏ UKRAYNAYA QOŞUN GÖNDƏRƏCƏK? - Rusiya narahatdır
Məlum olduğu kimi, avqustun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Türkiyə hakimiyyəti ona sülhməramlı missiya çərçivəsində Ukraynanın Qara dənizdə təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib.
Öz növbəsində Türkiyənin “TRT Haber” telekanalı Müdafiə Nazirliyindəki mənbələrə istinadla xəbər verib ki, əvvəlcə atəşkəs əldə olunmalı və yalnız bundan sonra sülhməramlı missiyanın çərçivəsi müəyyənləşməlidir.
“Bloomberg”-in məlumatına görə isə artıq 10-a yaxın ölkə Ukraynada öz hərbi kontingentini yerləşdirməyə hazırdır və onların arasında Türkiyə də var.
Bundan öncə Fransa Prezidenti Emmanuel Makron da Ukraynadakı hərbi missiyaya mütləq Türkiyənin də cəlb edilməli olduğunu bəyan edib. Təbii ki, Makronun bu canfəşanlığı təsadüfi deyil. O da bilir ki, Avropada NATO-da gücünə görə ABŞ-dən sonra ikinci olan Türkiyə ordusuna bərabər ikinci ordu yoxdur.
Bunu Rusiya da bilir və bundan narahatdır. Bu səbəbdən Rusiya KİV-ləri bu mövzuya xüsusi diqqət ayırır və Putinin bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğanla telefonda danışdığını xüsusi qeyd edirlər. Onların fikrincə, bu söhbətdə digər mövzularla yanaşı, başlıca mövzu kimi Ukrayna müzakirə olunub.
Bu arada Rusiyanın RİA Novosti agentliyi iddia edib ki, Türkiyə hökuməti hələ təhlükəsizlik zəmanəti kimi Ukraynaya hərbi kontingentin göndərilməsi barədə qərar verməyib. Öz mənbələrinə istinad etdiyini iddia edən agentlik qeyd edib ki, Türkiyə rəhbərliyində guya bu mövzuyla bağlı aydınlıq yoxdur.
“Mətbuatda, xüsusən də xarici mətbuatda bu mövzu ilə bağlı çoxlu spekulyasiyalar gedir”, - mənbə agentliyə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, planlar hələ müzakirə səviyyəsindədir və yalnız Türkiyə hakimiyyətinin rəsmi məlumatlarına əsaslanmaq lazımdır.
Bəli, doğrudan da Ukraynada atəşkəs əldə edilməmiş Türkiyə ordu hissələrinin sülhməramlı kimi Ukraynaya girməsi ağlabatan deyil. Ancaq regionda və dünyada nüfuzu getdukcə artan qardaş ölkənin Ukraynaya gələcək təhlükəsizlik zəmanəti verilməsi prosesindən kənarda qalacağı da qətiyyən inandırıcı deyil. Türkiyə Qara dənizdə Rusiyanı bir baş üstələyən hərbi donanmaya malikdir. Ən azı bu baxımdan Zelenskinin məlum bəyanatı təsadüfi ola bilməz. Odur ki, bir gün Türk əsgərini Ukrayna ərazisində, yaxud ərazi sularında görsək, bunda təəccüblü heç nə olmayacaq…
C.Məmmədli