“Nüvə bombası düzəltmək istəyirdik, amma...”- İranlı deputatın açıqlaması Trampı hərəkətə gətirib /VİDEO
İrandakı fars rejimi özünün nüvə proqramının dinc məqsədlər daşıdığını və nüvə silahı hazırlamaq niyyətində olmadığını bəyan etsə də, dünyada buna inananlar çox azdır. Neft, qaz və digər enerjidaşıyıcıları mənbəyi olan sərvətlərlə zəngin İranın indiki irtica rejiminin nüvə enerjisinə meyli əlbəttə ki, yalnız dinc məqəsədlərə xidmət edə bilməz. Bunu İran hakimiyyətinin bəzi təmsilçiləri də bilərəkdən, ya bilmədən etiraf etmək məcburiyyətindədirlər…
Bu arada ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində İran parlamentinin keçmiş vitse-spikeri Mütəharinin İran kanallarından birinə müsahibəsinin bir hissəsini paylaşıb. Həmin videoda Mütəhari birbaşa İran İslam Respublikasının nüvə bombası yaratmaq istədiyini bəyan edib.
Mütəhari müsahibəsində deyir ki, İranın nüvə proqramının ilkin məqsədi məhz çəkindirici nüvə silahı yaratmaq olub: “Biz bomba hazırlamaq istəyirdik, lakin bunu gizli saxlaya bilmədik”.
O əlavə edib ki, buna baxmayaraq, “biz bütün yolu sonadək getməliydik”.
Tramp bu videonu dərc etdikdən sonra İran rəsmi mediası bu müsahibəyə sərt reaksiya verib. Tehran rejiminə mənsub olan kanallar Mütəharinin açıqlamalarını “məsuliyyətsiz və təhlükəli” adlandırıb.
Məsələn, İran nəşrlərinin birində “Narahat dil sindromu” sərlövhəli yazıda sabiq deputat dəqiq məlumat olmadan “boş-boş danışmağa” görə qınanılır və bu cür sözlərin real nəticələrinin ola biləcəyi xatırladılır. Sonradan deputat özünün dediyi fikirləri “malalamağa” çalışıb. O öz X hesabında yazıb ki, həmin müsahibəni verən zaman artıq parlamentdə heç bir vəzifə tutmayıb və nüvə sahəsi ilə əlaqəsi olmayıb.
Ancaq məlum məsələdir ki, İran parlamentinin vitse-spikeri vəzifəsini tutmuş bu şəxs Tehran rejiminin daxilində baş verənlərdən kifayət qədər məlumatlıdır və nüvə proqramının gerçək məqsədlərinin nə olduğunu da yaxşı bilir. Odur ki, onun bu açıqlamaları bir yandan İrandakı rejimin irticaçı mahiyyətini sübut edirsə, digər yandan da region ölkələrinin narahatlığının heç də əsassız olmadığını göstərir…
VİDEO linkdə: https://www.facebook.com/reel/696241756795166
C.Məmmədli