Hansı universitetlər təhsil haqlarını əvvəlcədən tələb edir?- AÇIQLAMA
Universitetlərdə yeni tədris ilinin başlamasına artıq sayılı günlər qaldığı bir vaxtda ödənişli əsaslarla təhsil alacaq birinci kurs tələbələri və onların valideynlərinin qarşısında duran ən aktual problemlərdən biri də illik təhsil haqlarının ödənmə prosedurudur.
Belə ki, bəzi ali təhsil müəssisələrinin təhsil haqqını tam məbləğdə əvvəlcədən tələb etməsi valideynlər üçün ciddi maliyyə problemi yaradır. Əksər hallarda isə bütöv şəkildə ödəniş etmək imkanı olmayan aztəminatlı ailələrin övladları məcburən təhsil almaqdan imtina etməli olurlar.
Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent–12” jurnalında yer alan məlumata görə, ötən il 14 minə yaxın tələbə müxtəlif səbəblərdən təhsil aldığı ali təhsil müəssisəsindən uzaqlaşdırılıb. Onlardan 10 min 746 nəfəri təhsil haqqını ödəyə bilmədiyi, dərs buraxdığı və ya şəxsi xahişi ilə təhsildən imtina etdiyi üçün universitetlə yollarını ayırıb.
Mövzunun aktuallığını nəzərə alaraq, bu barədə universitetlər arasında sorğu keçirdik. Qeyd edək ki, ölkənin əksər aparıcı təhsil müəssisələri də daxil olmaqla, bir çox universitetlər nədənsə sorğuda iştirakdan boyun qaçırdılar. Ehtimal etmək olar ki, buna səbəb universitetlərin əksəriyyətində təhsil haqlarının bütöv şəkildə əvvəlcədən tələb olunmasıdır və bu faktın açıqlanması onların maraqlarına uyğun olmayıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova bildirib ki, birinci kursa başlayacaq tələbələr təhsil haqqını hər semestr üzrə 50% olmaqla ödəyə bilərlər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən verilən məlumata görə isə, bu il də təhsil haqlarının ödənilməsi əvvəlki qaydada olacaq: “Ödənişli ixtisaslarda təhsil alacaq tələbələr birdəfəlik və ya iki dəfəyə olmaqla güzəştli şəkildə tədrisə başlaya bilərlər. Məsələn, əgər tələbə illik 2000–2500 manat təhsil haqqı olan ixtisasa qəbul olubsa, onun müəyyən bir qismini ödəyib, dərslərə başlaya bilər”.
Xəzər Universitetinin Media və ictimaiyyətlə əlaqələr üzrə direktoru Əlövsət Əmirbəyli isə bildirib ki, ödənişli əsaslarla təhsil alacaq tələbələrdən ilk tədris ilində ödəniş bütövlükdə tələb olunur. Ə. Əmirbəyli əlavə edib ki, növbəti illərdə (2-ci, 3-cü və 4-cü kurslarda) tələbələr güzəştli şəkildə – hissə-hissə ödəniş edə bilirlər.
Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kifayət Mahmudova isə qeyd edib ki, universitet ilkin olaraq tam ödənişi əsas tutur.
“Çətinlik olan zaman universitetin Tələbə Dəstək Mərkəzi tərəfindən Tələbə Təhsil Kreditinə müraciətdə köməklik göstərilir. Bundan əlavə, universitet tərəfindən təhsil haqqını iki dəfəyə ödəmək imkanı da yaradılır”, – deyə o bildirib./azpolitika