"Qarabağ" üçün tarixi fürsət - Klub rekord məbləğdə gəlir əldə edə bilər
Son illər Avropa turnirlərində mütəmadi olaraq uğurla çıxış edən “Qarabağ” futbol klubu daha bir tarixi uğurun bir addımlığına yaxınlaşıb.
2025/26 mövsümündə Azərbaycan çempionu UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində möhtəşəm çıxış edən "Qarabağ" qitənin ən nüfuzlu turnirinin qrup mərhələsinə adını yazdırmağa çox yaxınlaşıb.
İlk olaraq II təsnifat raundunda “Qarabağ” İrlandiyanın “Shelbourne” klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi həm səfərdə, həm də evdə inamlı oyun nümayiş etdirib – səfərdə 3:0, Bakıda isə 1:0 hesablı qələbə qazanaraq ümumilikdə 4:0 nəticə ilə mərhələni adlayıb. III təsnifat mərhələsində rəqib Şimali Makedoniyanın “Shkendija” komandası olub. İlk görüşdə səfərdə 1:0 hesabı ilə qalib gələn “köhlən atlar” cavab oyununda da 5-1-lik nəticə ilə üstünlüyünü qoruyaraq play-off turuna yüksəlib.
Play-off mərhələsində isə “Qarabağ”ın rəqibi Bolqarıstanın “Ludogorets” və Macarıstanın “Feresvaroş” komandaları arasında qalib olmuş Macarıstan təmsilçisi olub. Ağdam klubu səfərdə keçirilən oyunda möhtəşəm performans göstərərək “Ferensvaroş”u 3:1 hesabı ilə məğlub edib və qrup mərhələsinə bir addım da yaxınlaşıb. Cavab matçı bu gün Bakı vaxtı ilə saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mütəxəssislər və bukmeker şirkətləri “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq ehtimalını yüksək qiymətləndirirlər.
Qeyd edək ki, 2025/26 mövsümündə Çempionlar Liqasının yeni formatı tətbiq olunur və turnir əvvəlkindən daha gərgin və gəlirli hesab edilir. UEFA-nın yeni sistemi üzrə qrup mərhələsinə yüksələn hər bir klub ən azı 18 milyon avro bonus əldə edir. Bundan başqa, hər qələbə üçün təxminən 2,8 milyon avro, heç-heçə üçün isə 930 min avro əlavə gəlir nəzərdə tutulub. Əgər “Qarabağ” qrup mərhələsində müəyyən xallar toplaya bilsə, klubun ümumi qazancı 25–30 milyon avroya çata bilər.
Press-fakt