Minskə zirehli texnikalar daxil oldu -
125 nəfər saxlanıldı (VİDEO)
Xəbər verdiyimiz kimi, bu gün saat 14-dən etibarın Belarusun paytaxtı Minskdə başlayan “Sülh və İstiqlal Yürüşü” davam edir.
Aksiya başlayan andan güc strukturları iştirakçılara mane olmağa başlayıb. Nəticədə güc strukturları ilə aksiya iştirakçıları arasında insidentlər yaşanıb. Aksiya iştirakçıları ölkə prezidentini Aleksandr Lukaşenkonun iqamətgahına - İstiqlal Sarayına tərəf irəliləməyə çalışıblar. Ancaq burada təhlükəsizlik qüvvələri onların qarşısını kəsib, iqamətgaha yaxınlaşmalarına icazə verməyib.
Globall.az "RİA Novosti"yə istinadən xəbər verir ki, icazəsiz aksiyanın ilk iki saatı ərzində güc strukturları 125 iştirakçını saxlayıb.
Saxlanılanlar barədə danışan Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olga Çemodanova bildirib ki, Minskdəki icazəsiz mitinqdə təhlükəsizlik qüvvələri artıq 125 nəfəri saxlayıb. Çemodanova qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağıtmaq üçün xüsusi texnikadan istifadə ediblər.
Prezident iqamətgahının ətrafında təhlükəsizlik qüvvələri müxtəlif maneə vasitələrindən istifadə edərək sədd çəkib. Təhlükəsizliyin tam təmin olunması üçün iqamətgahın qarşısına əlavə zirehli polis texnikaları da gətirilib.
Bundan başqa, Minskə zirehli hərbi texnikanın da yeridildiyi gələn xəbərlər arasındadır.