Rusiyadan "S-400"-lərlə bağlı Türkiyəyə yeni təklif - “Biz danışıqlara hazırıq”
Rusiya Türkiyəyə ötən illərdə təhvil verilmiş S-400 hava hücumundan müdafiə sistemlərinin texniki xidmət müddətinin çatdığını açıqlayıb
Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev Çində jurnalistlərə verdiyi açıqlamada bunlarıd deyib: “Türkiyə ilə S-400 mövzusunda uzun illərə dayanan əməkdaşlığımız var. Bu sistemlərin artıq baxıma ehtiyacı var. Müəyyən müddət keçdiyini nəzərə alaraq mövcud komplekslərin hərtərəfli texniki xidmətini təklif edirik”.
Şuqayev qeyd edib ki, S-400-lərin düzgün şəraitdə saxlanılması təkcə texniki məsələ deyil, həm də strateji zərurətdir.
O həmçinin vurğulayıb ki, Moskva ilə Ankara arasında hərbi-texniki əməkdaşlıqda heç bir məhdudiyyət yoxdur: “Sadəcə hava hücumundan müdafiə sahəsində deyil, digər bütün istiqamətlərdə də Türkiyəli tərəfdaşlarımızla danışıqlara hazırıq”.
Xatırladaq ki, Türkiyə Rusiyadan ümumilikdə 2,5 milyard dollar dəyərində dörd "S-400" batareyası alıb. Komplekslərin təhvil verilməsi 2019-cu ilin sonuna qədər başa çatdırılıb. 2020-ci ilin sonunda isə Türkiyə sistemlərin sınaqlarını uğurla həyata keçirib.
Bundan əlavə, Rusiya prezidenti Vladimir Putin də açıqlama verərək, Türkiyənin Ukrayna böhranının həllində xüsusi rol oynamağa davam edəcəyinə inandığını bildirib.
Press-fakt