MƏHKƏMƏ HAKİMİ 245 MİN MANATLIQ TORPAĞI NECƏ ALIB?- Sahibə Hacıyeva haqda şok İDDİA /FOTOFAKT

Xətai Rayon Məhkəməsinin gənc hakimi Sahibə Cavid qızı Hacıyeva barəsində “Hürriyyət”in redaksiyasına şok faktlar daxil olub. Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən mənbə iddia edir ki, Sahibə Hacıyeva Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində 500 kv.m torpaq sahəsi və üzərində yerləşən tikili alıb. Bakı şəhəri, 43 saylı notariat ofisində sənədləşdirilən bu torpağın ümümi dəyəri 245 min manatdır.
Maraqlıdır ki, sözügedən alqı-satqı müqaviləsinin qanunsuz olduğu bildirilir. Belə ki, 43 saylı notariat ofisinin Xüsusi notariusu Qurbanov Elşən Bəhmən oğlu torpaq sahəsinin çıxarışı olmadan, bələdiyyə sənədi əsasında sözügedən müqaviləni həyata keçirib. “Belə çıxır ki, ədliyyə işçiləri - həm adıçəkilən notarius, həm də hakim qanunun üstündən keçiblər”,- deyə mənbə əlavə edir:
“Futbolda futbolçu oyundankənar vəziyyətə düşdüyü kimi, notarius Elşən Qurbanov və Xətai Rayon Məhkəməsinin hakimi Sahibə Hacıyeva da vəzifə səlahiyyətlərinə güvənərək, qanundan kənara çıxıblar. Görünür, “kəndxudanı gör, kəndi çap” prinsipinə əsaslanıblar”.
Ədliyyə naziri Fərid Əhmədova müraciət edən mənbə bildirir: “Üzümüzü Ədliyyə naziri Fərid Əhmədova tuturuq. Görək, bu vəziyyətə hüquqi qiymət veriləcəkmi? Deyirik ki, ölkədə dolanışıq yoxdur. Yoxdursa, hələ cavan hakim indidən 245 min manata torpaq sahəsini necə alır?! Deməli, vəziyyət heç də pis deyil. Bilsəydik, o vaxt hakimlik oxuyardıq, bu gün kirayələrdə yaşamazdıq”.
Mənbə sonda onu da vurğulayır ki, sözügedən hakimin həyat yoldaşı özünü hər yerdə Prezidentin Təhlükəsizlik Xidmətinin sabiq rəisi Bəylər Eyyubovun adamı kimi təqdim edir: “Əldə etdiyimiz məlumata əsasən, hakim xanımın həyat yoldaşı Göygöl rayonunda şərab işinə baxır. Özünün dediyinə görə, Bəylər Eyyubovla çox yaxındır və ona güvənir”./hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.