Çin və Rusiya arasında daha iki mühüm anlaşma - Vizasız gediş, yeni qaz kəməri...
Çin XİN-in məlumatına görə, 15 sentyabrdan etibarən Rusiya vətəndaşları adi xarici pasportla Çinə vizasız səfər edə biləcəklər. Onlar ölkə ərazisində maksimum 30 gün qala biləcəklər.
XİN bildirib ki, bu yenilik sınaq rejimində tətbiq olunacaq və ilkin olaraq bir il müddətinə nəzərdə tutulub.
Pekində Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında sentyabrın 1-də keçirilən görüşdə Monqolustan Prezidenti Uhnagijn Xurelsukh da iştirak edib. Bu görüşdə “Sila Sibir-2” qaz kəməri və Monqolustan üzərindən keçəcək “Soyuz-Vostok” tranzit qaz kəməri ilə bağlı hüquqi öhdəlik daşıyan memorandum imzalanıb. Bu barədə “Qazprom” İdarə Heyətinin sədri Aleksey Miller məlumat verib. Miller layihəni “qaz sənayesində dünyanın ən böyük, ən miqyaslı və ən böyük kapital tələb edən layihəsi” kimi qiymətləndirib. Layihənin tədarük müddəti 30 il nəzərdə tutulub, amma inşaatın başlanması və layihə gücünə çatma vaxtları hələ açıqlanmayıb. Həmçinin, tərəflər “Sila Sibir” kəməri üzrə tədarükü ildə 38 milyard kubmetrədən 44 milyard kubmetrə kimi artırmaq barədə razılığa gəliblər.
Layihənin əhəmiyyəti:
“Sila Sibir-2” vasitəsilə Qazprom Avropa bazarını qismən əvəz edəcək. Şirkət Avropa bazarını itirdikdən sonra maliyyə itkiləri ilə üzləşib.
Layihə əvvəllər Çin tərəfindən daxili Rusiya qiymətləri yaxınında satış tələbinə görə təxirə salınmışdı. “Financial Times” xəbər verir ki, 2025-ci ildə İran-İsrail konflikti səbəbindən Çin layihəyə yenidən maraq göstərib.
Ekspertlər bildirir ki, qaz tədarükü Sibir regionlarında ekologiya problemləri və infrastruktur çatışmazlığı fonunda həyata keçirilir. Xüsusilə Krasnoyarsk və Xakasiyada qaz infrastrukturunun demək olar ki, mövcud olmadığı qeyd olunur./azpolitika