“BÖYÜK TURAN RUSİYA ÜÇÜN TƏHLÜKƏDİR”- Zatulin Kremlin narahatlığını açıqladı
“Zəngəzur dəhlizi Rusiyanın maraqlarına uyğun deyil”
Əgər biz “pis sülh yaxşı mübahisədən yaxşıdır” üslubunu nümayiş etdirsək, o zaman Azərbaycanla münasibətlərin normallaşdırılmasına ehtiyac var. Amma bu, o demək deyil ki, Moskva bu əməkdaşlığın dərinliyi barədə özünü aldatmalıdır.
Bunu Rusiya Dövlət Dumasının MDB işləri komitəsi sədrinin birinci müavini, Konstantin Zatulin Lenta.ru-ya müsahibəsində deyib.
Anti-Azərbaycan və ermənipərəst mövqeyilə xüsusi seçilən Zatulin bir sıra məsələlərdə Azərbaycanla Rusiyanın mövqelərinin fərqli olduğunu qeyd edib: "Azərbaycan öz kursunu davam etdirir. Bu kursun xüsusiyyətləri “dağlıq Qarabağ”ın zəbt erdilməsi (?), 2023-cü ildə sülh yolu ilə nizamlanmadan imtinadır. Azərbaycan o zaman Ermənistana çox da milli olmayan hökumətin rəhbərlik etməsindən istifadə edib və Türkiyənin dəstəyi ilə öz planlarını həyata keçirib”.
Rusiyalı deputat iddia edib ki, Azərbaycan rəhbərliyi həmin vaxt guya Rusiyanın müdaxiləsinin qarşısını almaq üçün Moskva ilə tərəfdaşlıq görüntüsü yaradıb. Onun sözlərinə görə, Bakının planları reallaşan kimi Rusiya ilə nəyisə koordinasiya etmək zərurəti aradan qalxıb.
Ancaq Zatulin soyadlı bu şər-böhtan və nifrət “torbası” maraqlı bir etiraf da edib. O, Kremlin rəsmi bəyanatlarından fərqli olaraq, açıq şəkildə deyib ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında qətiyyən maraqlı deyil: “Üstəlik, Ermənistana növbəti təzyiqlər, Zəngəzur dəhlizinin tikintisi, amerikalıların, israillilərin və sairlərin bu regiona cəlb olunması birmənalı olaraq Rusiya Federasiyasının maraqlarına uyğun deyil”.
Zatulin həmçinin, Böyük Turan ideyasının Rusiyanı bərk narahat etdiyini əlavə edib: “Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqlik təkcə ikitərəfli müttəfiqlik deyil, həm də gələcəyə yoldur. Məqsəd Böyük Turanın təşəkkülünü davam etdirmək, türkçülüyün Orta Asiyaya, yeri gəlmişkən, həm də Rusiyanın türklərin məskunlaşdığı bölgələrinə nüfuz etməsidir. Bu, açıq şəkildə Rusiyanın maraqlarına ziddir, ona təhdidlər yaradır”.
Zatulin həmçinin bildirib ki, Bakı Vaşinqton və Təl-Əvivlə münasibətlərini gücləndirir. Bu isə həm də Azərbaycandan İrana keçməli olan Şimal-Cənub dəhlizinə ümid bağlayan Rusiyanın maraqlarına uyğun deyil.
Bir sözlə, Kreml təbliğatı və onun Zatulin kimi simasız təmsilçiləri Azərbaycandan düşmən obrazını yaratmaqda davam edir. Eyni zamanda da etiraf edir ki, Rusiyanın regiondakı gerçək maraqları Azərbaycanın suverenliyini istisna edir və ölkəmizin milli, dövlətçilik maraqları ilə qətiyyən üst-üstə düşmür.
C.Məmmədli