Finlandiyaya qaçan ruslar deportasiya edilir - Kimlərə siyasi sığınacaq verilib?
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Finlandiyada sığınacaqdan imtina edilən 104 Rusiya vətəndaşı deportasiya edilib.
Bu barədə Finlandiya polisi “Vot Tak” nəşrinə məlumat verib.
Məlumata görə, rusiyalıların sığınacaq müraciətlərinə digər ölkə vətəndaşlarının müraciətləri ilə müqayisədə daha uzun müddət ərzində baxılır. Bu səbəbdən Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra sığınacaq istəyən bir çox rusiyalı hələ qərar ala bilməyib. Verilən qərarlara əsasən, müraciətlərin 90 faizi rədd edilib.
Əsasən hərbi çağırışdan yayınmaq üçün müraciət edən şəxslərə imtina verilir. Finlandiya Miqrasiya Xidməti bildirir ki, 2023-cü ilin may ayına qədər 1109 rusiyalı hərbi çağırışdan yayınmaq məqsədilə sığınacaq istəyib. Lakin Finlandiya onlara sığınacaq vermir və səbəb kimi hərbi çağırışın müddətinin başa çatmasını göstərir. Halbuki, çağırış əmri faktiki olaraq qüvvədədir və hər an yenidən bərpa oluna bilər.
Deportasiyalar birbaşa Rusiyaya deyil, adətən İstanbul və ya Estoniyanın Narva şəhərinə həyata keçirilir.
Sığınacaq alanlar əsasən Rusiya daxilində repressiyaya məruz qalmış siyasi aktivistlər, LGBT icmalarına mənsub şəxslər və Sankt-Peterburq bələdiyyə deputatlarıdır./azpolitika