“Putin Kiyevə gəlsin”- “Mən bu terrorçunun paytaxtına gedə bilmərəm”
Xəbər verildiyi kimi, Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskini görüşə hazır olduğu təqdirdə, Moskvada qəbul etməyə hazır olduğunu deyib. Onun təhlükəsizliyinə “təminat” da verib. Eyni zamanda da belə bir görüşün mənasız olduğuna eyham vurub.
Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News”-a müsahibəsində Putinin Moskvaya gəlmək təklifini rədd edib və deyib ki, Putin özü Kiyevə gəlsin.
"O, Kiyevə gəlsin. Ölkəm hər gün raket atəşinə tutulanda, hücuma məruz qalanda, mən Moskvaya gedə bilmərəm. Mən bu terrorçunun paytaxtına gedə bilmərəm". Zelenski qeyd edib ki, bunu Putin də yaxşı başa düşür.
Onun sözlərinə görə, Putinin qondarma təklifi görüşdən yayınmaq məqsədi daşıyır, çünki Ukrayna Prezidenti dəfələrlə ona istənilən formatda görüşməyə hazır olduğunu bəyan edib: “Əgər insan müharibə zamanı görüşmək istəmirsə, o, təbii ki, mən və ya başqaları üçün məqbul olmayan bir şey təklif edə bilər”, - deyə, Zelenski bildirib.
Xatırladaq ki, Alyaska görüşündən sonra optimist danışan Donald Tramp, artıq avqustun sonunda verdiyi müsahibədə Putinlə Zelenski arasında yaxın gələcəkdə ikitərəfli görüşün olacağına şübhə ilə yanaşdığını bildirib.
Almaniya kansleri Fridrix Merts də Zelenski ilə Putin arasında görüş olmayacağının açıq-aydın göründüyünü qeyd edib.
Bundan əlavə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putin və Zelenski ilə söhbətdən sonra tərəflərin ikitərəfli görüşə “hələ hazır olmadığını” deyib./azpolitika