Təhsildə tikinti “prorab”larının dünya üzrə yarışı keçirilsəydi...- “Bu “səhv” hələ də davam edir”

İlham Əhmədov,
(ADPU-nun dosenti)
Heç nə təsadüfən baş vermir. Səbəb-nəticə əlaqəsi özünü hər yerdə, hər zaman göstərir. Uğur, qələbə peşəkarlıq və məsuliyyətin, uğursuzluq isə səriştəsizlik və məsuliyyətsizliyin nəticəsidir.
Bu ərəfədə Bakıda keçirilən və artıq başa çatan ICPC 2025-in Dünya Çempionu Sankt-Peterburq Dövlət Universiteti olub. Komanda həm Northern Eurasia Regional Champion titulunu təsdiqlədi, həm də finalda 11 məsələni həll edərək birinciliyə yüksəldi. Hətta yarışın əvvəlində “Problem B – Blackboard Game” tapşırığını ilk həll edən də məhz onlar olub.
Həmişəki kimi, bizim komandalar çox zəif oldular. Bu durum ciddi təhlil edilməlidir.
Rusiya universitetlərinin İT sahəsində inkişafına bizdən fərqli olaraq, dövlət və özəl sektor ciddi maliyyə dəstəyi verir. Təkcə "Sberbank" bu il 6 universitetdə 15 adda İT üzrə yeni təhsil proqramları yaratmağa 15 milyon dollar investisiya edib. Əlavə olaraq digər özəl şirkətlər, nazirliklər və universitetlərin özləri də bu prosesləri maliyyələşdirir.
Bizimkilər isə bütün maliyyə imkanlarını universitet binalarının təmir-tikintisinə sərf edirlər.
Təhsildə tikinti "prorab"larının dünya üzrə yarışı keçirilsəydi, şübhəsiz ki, bizim komanda qalib olardı!
25 ildir təhsilə investisiya dedikdə göz önünə məktəb tikintisi və universitetlərin təmiri gəlir.
Azərbaycansayağı "təhsil investisiyası"na yaxın keçmişimizdən bir nümunə:
10–15 il əvvəl Bakı şəhəri 20 saylı məktəb 3 il ardıcıl təmir edildi, üzlüklər vuruldu, qoparıldı, yenisi vuruldu, sonda da məktəb söküldü, yenisi tikildi. Hərçənd təzə tikilmiş normal bina idi. İndi isə şagirdlərin yarısı məktəbdə yox, repetitor yanındadır. Deyilənə görə, bütün bu "təhsil investisiyası" büdcəyə 30 milyonluq israf olub, təhsilə isə heç bir fayda verməyib. Bu pulu universitetlərimizdən birinə xərcləyib, onu xeyli inkişaf etdirmək olardı.
Təhsilimizdə, eləcə də universitetlərimizdə heç vaxt düzgün investisiya siyasəti olmayıb. Olan cüzi pullar da illər ərzində səmərəsiz israf edilib.
İnvestisiyasız universitet - suyu kəsilən dəyirman kimidir.
Amma səhv investisiya siyasəti təhsilə, dövlətə, xalqa ziyanlı olsa da, təhsil məmurlarının biznesinə çox yarayır.
Ona görə də bu "səhv" hələ də davam edir.