14 İL CƏZA ALAN BAŞ DİREKTORUN CİNAYƏT DOSYESİ - Milyonlarla dollar mənimsəmə, Bakıda, Türkiyədə bahalı əmlak, şirkətlər...
"SOCAR-AQŞ" MMC-nin keçmiş baş direktoru, 54 milyon manatlıq yeyintidə suçlanan Ramin İsayevə 14 il həbs cəzası kəsilib.
Bu iş üzrə bir ildən çoxdur Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar sentyabrın 8-də yekunlaşıb. Hökmə əsasən, R.İsayev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələriylə təqsirli bilinib.
R.İsayevin yaxınlarının adına olan xeyli daşınmaz əmlak və həbs olunarkən ondan götürülmüş milyonlarla dollar nağd pul da müsadirə edilib. Müsadirə olunmuş əmlak R.İsayevə qarşı qaldırılmış mülki iddiaların ödənilməsinə yönləndiriləcək. Cinayət işində həbs qoyulan daşınmaz əmlaklar arasında "Sea Breeze"də ev, Bakının mərkəzində mənzil və s. var.
Bu cinayət işi üzrə üç qurum – "SOCAR-AQŞ", "Abşeron Qazma" MMC və "Aqrarkredit" QSC zərərçəkmiş qismində tanınıb. R.İsayev çoxsaylı qohum və tanışlarını formal işə götürüb büdcə hesabına onlara yüksək maaşlar verməkdə, başqalarının adına şirkətlər yaradıb onları tenderlərdə qalib elan edərək, bunun hesabına milyonlarla dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir. Cinayət işində onun həyat yoldaşı, qardaşı, bacısının övladları və başqa qohum və tanışlarının adları keçir.
İttihamda yer alan məsələlərdən biri də R.İsayevin Türkiyə vətəndaşlığı alıb mənimsənildiyi iddia olunan milyonları orada daşınmaz əmlakların alınmasına yönəltməsi, bir bölümünün də banka yatırılmasıdır. Bununla bağlı R.İsayevə cinayət yolu ilə əldə olunan əmlakın leqallaşdırılması ittihamı verilib.
O, vəzifədən çıxarılandan sonra şirkətin hesablarına kiberhücumların təşkilində, Beynəlxalq Bankdan kredit kimi götürülmüş milyonlarla vəsaitin yeyintisində də suçlanır. R.İsayev özünü təqsirli bilmir, ona qarşı irəli sürülən ittihamlarla razılaşmır. O bildirib ki, dövlət məmuru olmazdan öncə bizneslə məşğul olduğundan yetərincə gəlirləri olub və özünə və ailə üzvlərinə bunun hesabına əmlaklar alıb.
Qazma işləri gerçəkləşdirən "SOCAR –AQŞ" MMC-ni 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yanaşı, həm də "Nobel Energy" və "Abşeron Qazma" MMC (AQŞ) təsis edib. R.İsayev 2009-2020-ci illərdə "SOCAR-AQŞ" MMC-nin baş direktoru vəzifəsində çalışıb. O, vəzifəsindən çıxarılandan sonra Türkiyəyə köçüb və bir müddət sonra da Türkiyədə Ramin Hakan adıyla bu ölkənin vətəndaşı olub. R.İsayev Harvard Universitetinin məzunudur. O, "SOCAR-AQŞ" MMC-yə aid vəsaitlərdən özbaşına universitetin hesabına ianə etməkdə də suçlanır.
Press-fakt