“Dünya qarışıb, kim-kimi İSTƏYİR VURUR, haranı İSTƏYİR DAĞIDIR”- Lalə Şövkət
“Deyirlər guya ölürəm, yıxılmışam, danışa bilmirəm və s. Narahat olanlar arxayın olsunlar ki, indi yaxşıyam. Sadəcə olaraq ürəyim xəstədir və narahatlığım bununla bağlıdır. Mənim yaşımda bu narahatlıqlar normaldır. Bu da olmasa nə olar ki?! Allaha da bir bəhanə lazımdır. Biz də ona bir bahanə verməliyik. Belə də qala bilməz, axı”.
Press-fakt xəbər verir ki, bunu ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkət “Teleqraf”a müsahibəsində deyib. O bildirib ki, səhhəti uzun yol getməyə imkan vermir, ona görə indiyə qədər Qarabağa gedə bilməyib: “İnfarkt keçirmişəm, o yolu getmək mənə çətin olar. Heç həkimlər də buna razı deyil”.
L.Şövkət ölkədə və dünyada gedən siyasi prosesləri izlədiyini deyib: “Hazırda dünyada o qədər qaranlıq, bulaşıq siyasət aparılır ki, belə siyasətdən danışmağı heç özümə rəva bilmirəm. Demək olar ki, bu gün siyasət yoxdur. İndi ancaq kim-kimdən üstün oldu amili var. Yalnız güclünün rolu var və ayrı bir şey görmürəm. Dünya qarışıb. Kim-kimi istəyir vurur, haranı istəyir dağıdır. Yəni, xoşagəlməz bir mənzərə yaranıb. Düşünmürdüm ki, siyasət bu günə düşə bilər”.
– Azərbaycanla bağlı siyasətə münasibətiniz necədir?
– Şükür, bizdə sakitlikdir. Torpaqlarımızı geri qaytardıq. Bu, çox böyük uğurdur. Bunu başa düşmək lazımdır. Daxildəki məsələlər də yavaş-yavaş həllini tapacaq. Bundan sonra hər şey yaxşı olacaq. Artıq bunun da vaxtı çatıb. İnanıram ki, bunu da mütləq edəcəklər.
– Ermənistanla ilkin sülh mətni paraflanıb. Sülhün gələcəyinə dair fikirləriniz varmı?
– Bəli, inanıram. Düzdür, sülhə dair müəyyən fikirlər səslənir, kənar təhdidlərin olduğu deyilir. Amma bu gün Ermənistanın heç bir gücü yoxdur ki, Azərbaycanla baş-başa gəlsin. Ermənilər gecə yatıb yuxuda görürlər ki, bizimlə dostluq eləyirlər. Bu barədə çox rahatam. Çünki Ermənistanın bu günləri, həyatı, nəfəsi Azərbaycandan asılıdır. Azərbaycan istəsə ona nəfəs verər, istəməsə verməz. Daha ayrı söhbət ola bilməz.