Daha iki ölkədə qadınlar əsgər gedəcək
Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb. Belə ki, avqustun 1-dən etibarən qadınlar hətta nüvə, bioloji və kimyəvi müdafiə bölmələrində də xidmət edə biləcəklər. Hərbi idarə bu addımını bu sahələrdə təhlükəsizlik tədbirlərinin artırılması ilə izah edib.
Latviyanın müdafiə naziri Andris Spruds isə bəyan edib ki, ölkənin təhlükəsizliyini möhkəmləndirmək və silahlı qüvvələrin gücünü artırmaq məqsədilə 2028-ci ildən qadınların da məcburi hərbi xidmətə cəlb olunması planlaşdırılır. Nazir bildirib ki, bu addım yalnız orduya yeni qüvvələrin cəlb edilməsi deyil, həm də gender bərabərliyinin təmin olunması baxımından vacibdir.
“Bloomberg”in məlumatına görə, Latviya 2021-ci ildə 15 min nəfər olan ordusunun sayını 2028-ci ilə qədər iki dəfədən çox artıraraq 31 min nəfərə çatdırmaq istəyir. Hazırda ölkədə milli müdafiə strategiyası çərçivəsində könüllülərin, peşəkar hərbçilərin və məcburi xidmətə çağırılanların sayı artırılır. Qadınların da bu prosesə qoşulması ilə Latviya ordusunun daha çevik və sayca böyük hərbi qüvvəyə çevriləcəyi vurğulanır.
Press-fakt