Keçmiş məcburi köçkünlər tutduqları evləri TƏRK ETMƏLİDİR - Tural Abbaslı

Press-fakt xəbər verir ki, bu sözləri Musavat TV-nin efirində qonaq olan Ağ Partiyanın başqanı Tural Abbaslı deyib. O bildirib ki, bütün problemlərin kökündə məhkəmə sisteminin işlək olmaması dayanır:
“Bizim partiyanın üzvlərindən biri Avropa Məhkəməsinə qədər getdi. Bu ədalət deyil axı. Mənim evim ola-ola mən kirayədə qalım, mənim mənzilimdə başqası qalsın. Lap yaxşı, qala bilər. Bunun məsuliyyəti kimin üzərindədir? Dövlətin. Dövlət ya gəlib evi işğal olunan adama kirəpulu, kompensasiya verməlidir, ya da məcburi köçkünün həyat şəraitini dövlət yaratmalıdır. Ümumiyyətlə, Azərbaycanda məhkəmə sistemi yoxdur. Məhkəmə hökmünü nə Milli Məclis, nə də prezident ləğv edə bilər. Hakim qərar verib ki, ev boşaldılsın, icra deyib ki, biz boşalda bilmərik. Məhkəmənin qərarı icra olunmursa, o dövlət işləmir deməkdir. Vətəndaşın günahı nədir ki, məcburi köçkünün evi, şəraiti yoxdur. Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin işi nədir? Məcburi köçkünlər üçün ev, şərait yaratmaq. Görürsən Biləsuvara göndərəndə getmir, yığ Şərurlu İsfəndiyara, de ki, bunlara müvəqqəti ev ver”.