"Qızıla sərmayə qoymayın"- Ekspertdən XƏBƏRDARLIQ
Cəmiyyətdə uzun illərdir formalaşmış bir təsəvvür var. İnsanlar hesab edirlər ki, pul yığıb qızıl zinət əşyaları almaq gələcəyə sərmayə qoymaq deməkdir. Xüsusilə qadınlar arasında bu düşüncə daha çox yayılıb və əksər hallarda qızıl sırğa, boyunbağı və ya üzüyə çəkilən xərc “yaman günün sərmayəsi” kimi qəbul edilir.
Bəs bu yanaşma nə dərəcədə doğrudur?
Press-fakt sfera.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov da bu məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, qızıl ziynət əşyaları sərmayə deyil, sadəcə bəzək vasitəsidir və alınan məbləğin geri dönüşü heç vaxt real bazar qiymətinə uyğun gəlmir.
Əmirov vurğulayıb ki, ziynət qızıllarında ustanın əməyi, dizayn, mağazanın əlavə marjası və digər xərclər alıcının ödədiyi qiymətə daxil olur. Lakin həmin qızılı geri satmaq istədikdə insana yalnız qram dəyərinə uyğun pul qaytarılır. Bu isə, əslində, sərmayə yox, itki deməkdir.
Onun fikrincə, qızıla düzgün sərmayə forması zinət əşyaları deyil, xalis külçə, sikkə, birja alətləri və ya onlayn qızıl investisiya məhsullarıdır. Bu investisiya vasitələrində alış-satış fərqi minimal olur və dəyər uzunmüddətli dövrdə qorunur.