Rus RUBLU ÇÖKMƏYƏ BAŞLADI - 8 gündür durmadan ucuzlaşır və...
Rusiya rublu Moskva birjasında dollar, avro və yuana nisbətdə bir neçə gündür durmadan ucuzlaşır.
Rusiya mediasının yazdığına görə, ucuzlaşmanın davam edəcəyi gözlənilir və bunun dərin səbəbləri var.
“The Moscow Times” yazır ki, sentyabrın 11-də birjadankənar bazarda fevral ayından bəri ilk dəfə olaraq Avropa valyutasının – avronun məzənnəsi 100 rubldan yuxarı qalxıb. Hazırda bir avro üçün 100,4 rubl verirlər. Dolların birjadankənar məzənnəsi aprelin 10-dan bəri ilk dəfə rekordunu yeniləyib - 85,91 rubl. Moskva birjasında yuanın məzənnəsi isə 12,05-ə çatıb. Bu da martın 10-dan bəri ən yüksək göstəricidir.
İnvestisiya bankiri Yevgeni Koqan “The Moscow Times”-a deyib ki, rubl “uçuruma yuvarlanmaqda davam edir”. Bazar 2022-ci ilin dekabrından bəri rublun belə uzunmüddətli - ardıcıl 8 gün enişini görməmişdi. Yayda göstərilən minimumlara nisbətən dollar, demək olar ki, 10 rubl (12%), avro - 12 rubl (13%), yuan isə 1,2 rubl (11%) bahalaşıb.
Rublun zəifləməsi əsasən ticarət balansının pisləşməsi ilə bağlı tendensiyanın əsaslı şəkildə dəyişməsi ilə bağlıdır: iqtisadiyyatın ixrac gəlirləri neft qiymətlərinin düşməsi, sanksiyalar və Çinlə ticarətin azalması səbəbindən azalır. Valyutaya tələb isə idxal ehtiyacı səbəbindən yenidən artmağa başlayıb.
“Veles Capital”-ın proqnozuna görə, ilin sonuna qədər rubl bir dollar üçün 90-95 rubla qədər ucuzlaşa bilər: "Məzənənin nəzarətli şəkildə aşağı salınması büdcə ilə bağlı vəziyyəti düzəltməyin yollarından biridir. 8 ay ərzində federal xəzinədəki "deşik" 4,2 trilyon rubla çatıb ki, bu da ilin ilkin planından üç dəfə çoxdur. Neft və qaz gəlirləri isə 20% azalıb".
“Rosneft”in baş direktoru İqor Seçin ilin birinci yarısında şirkətin mənfəəti üç dəfə azaldıqdan sonra rublun məzənnəsini tənqid edib, VTB-nin baş direktoru Andrey Kostin isə Maliyyə Nazirliyini və Mərkəzi Bankı büdcəyə kömək etmək üçün rublu “tənzimləməyə” çağırıb.
Mütəxəssislərin də qeyd etdiyi kimi, Rusiyada devalvasiyanın yan təsiri inflyasiyanın yeni sürətlənməsi olacaq. Çox yaxında bu, pərakəndə satış qiymətlərində əks olunacaq.
Freedom Finance Global-ın aparıcı analitiki Natalya Milçakovanın fikrincə, rubl geosiyasi qeyri-müəyyənlik və Rusiyanın makroiqtisadi göstəricilərinin pisləşməsi - ÜDM artımının yavaşlaması, büdcə kəsirinin artması təzyiqi altındadır. Ukraynaya qarşı müharibənin nizamlanmasında “sıçrayış” rublun ucuzlaşmasını ləngidə bilər. Əgər sülh planları baş tutmasa, dollar 100 rubla qədər bahalaşa bilər.
Bu arada “Financial Times” yazıb ki, Rusiyanın müharibə iqtisadiyyatının yükü artdıqca Kreml 2026-cı il büdcəsində çətin seçimlər etməli olacaq. Moskva Ukraynadakı müharibənin ilk illərində sabit neft və qaz qiymətləri və hərbi xərclər sayəsində iqtisadi vəziyyəti qoruyub saxlaya bilsə də, sonrakı illərdə bunu etmək müşkülləşib. İndi isə acı reallıqla üz-üzə qalmaqdadır.
C.Məmmədli