Trampın Nobel arzusu gözündə qalır - Nobel Komitəsi açıqlama yaydı
Norveç Nobel Komitəsi sülh mükafatına namizədləri nəzərdən keçirərkən ictimai çağırışları nəzərə almır.
Xarici KİV xəbər verir ki, bunu Nobel komitəsinin katibi Kristian Berq Harpviken deyib.
Mükafatın ABŞ Prezidenti Donald Trampa verilməsi çağırışlarını şərh edən Harpviken qeyd edib ki, hər hansı çağırış və təzyiqlər komitənin işinə təsir edə bilməz: "Nobel Komitəsi tamamilə müstəqil fəaliyyət göstərir və ayrı-ayrı namizədləri müzakirə edərkən bu çağırışları nəzərə ala biməz”.
Onun sözlərinə görə, komitə medianın ayrı-ayrı namizədlərə diqqətini artırdığını qeydə alır: "Lakin bu, komitədə gedən müzakirələrə təsir etmir. Komitə hər bir namizədə onun xidmətlərini nəzərə alaraq baxır".
2025-ci ildə Nobel Komitəsi sülh mükafatı laureatını 338 namizəd - həm fiziki şəxslər, həm də təşkilatlar arasından seçməli olacaq. Bütün müraciətlər ötən il yanvarın 31-dək təqdim edilib. Laureatın adının açıqlanması oktyabrın 10-na planlaşdırılıb.
Bundan əvvəl NBC televiziyası Ağ Evdəki mənbəyə istinadla məlumat vermişdi ki, Tramp Nobel Sülh Mükafatını almaqda maraqlı olduğunu bildirib. Bundan əvvəl Norveç mətbuatı yazıb ki, ABŞ Prezidenti bu məsələ ilə bağlı Norveçin maliyyə nazirinə və NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə minnətçi düşüb./azpolitika