UNOCHA: “İsrail Qəzza şəhərinə ÖLÜM HÖKMÜ VERİB - ya gedin, ya da ölün”

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (UNOCHA) sözçüsü Olqa Cherevko bildirib ki, İsrail Qəzza şəhərinə faktiki olaraq ölüm hökmü çıxarıb və mülki əhalini “tərk etmək və ya ölmək” arasında seçimə məcbur edir.
Cherevko bu fikirləri Qəzzanın Deyr əl-Bəlah bölgəsindən video konfrans vasitəsilə BMT jurnalistləri ilə görüşü zamanı səsləndirib.
“Qəzza şəhərinə ölüm hökmü verildi. Ya gedin, ya da ölün. Yüz minlərlə döyülmüş, yorğun və qorxu içində olan mülki vətəndaş, hətta kiçik heyvanlar belə, hərəkət edə bilmək üçün yer axtardıqları həddən artıq sıx bir bölgəyə köçməyə məcbur edilir”, – deyə, Cherevko vurğulayıb.
UNOCHA rəsmisi İsrailin artan hava və quru hücumlarını, habelə zorla köçürmə əmrlərini sərt şəkildə tənqid edib.
O, Qəzzadakı dəhşətli zorakılığın dərhal dayandırılmasının zəruriliyini qeyd edərək, “Bombaları susdurmaq üçün səslərə, qanı dayandırmaq üçün isə əməli addımlara ehtiyac var” fikrini bölüşüb.
Cherevko həmçinin bildirib ki, şimal da daxil olmaqla, bütün sərhəd keçidləri və dəhlizlər vasitəsilə Qəzzəyə humanitar yardımın maneəsiz çatdırılması təmin edilməlidir. O, əlavə edib:
“Qəzza xalqı sadəcə yardım istəmir. Onlar təhlükəsizlik, ləyaqət və sülh içində yaşamaq haqqını tələb edirlər.”
Press-fakt