UKRAYNA DRONLARI RUSİYANIN DƏRİNLİKLƏRİNDƏ - “Başneft” zavodu vuruldu
Sentyabrın 13-də Rusiyanın Ufa şəhərində yerləşən “Başneft” neft emalı müəssisəsi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Bu barədə Başqırdıstan rəhbəri Radiy Xabirov məlumat verib.
Onun sözlərinə görə, zavodun mühafizə xidməti dronlardan birini aşkar edib, izləyib və iriçaplı atıcı silahlarla atəş açaraq zərərsizləşdirib. Zədələnmiş aparat müəssisənin ərazisinə düşüb.
“İstehsalat sahəsi cüzi ziyan görüb, yanğın baş verib”, – Xabirov “Telegram” kanalında yazıb.
Daha sonra digər bir pilotsuz aparat da vurulub. Rəsmi məlumatlara əsasən, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Ufa şəhərinin sənaye zonasında yerləşən “Başneft-Noyoyl” zavoduna dron zərbəsinin və yanğının görüntüləri yerli “Telegram” kanallarında yayılıb. Videolarda miqyasın kifayət qədər böyük olduğu aydın olur.
Hücumdan sonra şəhər aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb.
Hadisə Rusiya üçün təkcə lokal hadisə deyil, həm də enerji infrastrukturuna artan təzyiqin göstəricisi hesab olunur. Beynəlxalq agentliklər xatırladır ki, Ukrayna avqustun sonuna qədər Rusiyanın neft emalı sektorunun təxminən 17 faizini sıradan çıxarmağa nail olub.
Bu isə iki əsas nəticə ilə müşayiət olunur:
- Ölkə daxilində yanacaq qıtlığının yaranması riski;
- Dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neft-qaz sahəsindən toplanan rüsumların azalması.
Ekspertlərin fikrincə, Ukraynanın dərinliklərdəki neft obyektlərinə endirdiyi hücumlar Rusiya iqtisadiyyatı üçün strateji zərbədir. Çünki söhbət təkcə istehsalatın zədələnməsindən yox, həm də Moskvanın maliyyə imkanlarının daralmasından gedir.
Ufa hadisəsi göstərir ki, Ukraynanın dron imkanları artıq yalnız cəbhəyanı bölgələrlə məhdudlaşmır, Rusiyanın daxili sənaye mərkəzlərini də hədəfə ala bilir. Bu isə Kremlin enerji təhlükəsizliyi və büdcə dayanıqlığı üçün yeni problemlər deməkdir.
Press-fakt