Britaniya Azərbaycanla strateji tərəfdaş olduğunu elan etdi

Böyük Britaniya Azərbaycanla münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyini elan edib.
Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Xəbərdə bildirilir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti Bakıya rəsmi səfəri zamanı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq statusuna qaldırıldığını açıqlayıb.
Nazirliyin bəyanatında qeyd olunur ki, Doutinin Bakıya səfəri “Böyük Britaniyanın Azərbaycanla əlaqələri gücləndirmək öhdəliyini və Azərbaycanın Cənubi Qafqazda ən vacib strateji tərəfdaşlardan biri kimi rolunu bir daha təsdiqləyir”.
Altıncı Strateji Dialoq çərçivəsində tərəflər Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması, Rusiya–Ukrayna müharibəsi və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Danışıqların nəticəsində münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılıq əldə olunub, tərəfdaşlıq hər iki ölkəyə əsas strateji prioritetlər üzrə daha sıx əməkdaşlıq imkanı yaradacaq.
Səfər çərçivəsində Bakıda Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən iş adamlarının iştirakı ilə işgüzar nahar da keçirilib. Görüşdə investisiya imkanları, Azərbaycanın regional enerji lideri kimi rolu və Avropa ilə Asiyanı birləşdirən mühüm ticarət yolu olan Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunub.
Böyük Britaniya XİN-in bəyanatında vurğulanır ki, bu səfərin uğurla başa çatması iki ölkə arasında münasibətlərdə qarşılıqlı hörmət, ortaq maraqlar və regional sabitlik naminə əməkdaşlıq əsasında yeni mərhələnin başlanğıcını qoyur./modern.az