RUSİYA BELARUSDAN KİYEVƏ HÜCUM EDƏ BİLƏR - 30 minlik qoşun hara göndəriləcək?
Sentyabrın 12-də başlayan Rusiya və Belarusun birgə “Qərb-2025” təlimləri sentyabrın 16-na kimi davam edəcək. Xatırladaq ki, 2021-ci ildəki analoji manevrlər sonradan Rusiyanın Ukraynaya təcavüzü ilə nəticələndi.
Ukraynada və Qərbdə Belarusdakı “Qərb-2025” təlimlərində iştirak edən qoşunların sonrakı hərəkəti ilə bağlı müxtəlif versiyalar müzakirə olunur. Məsələn, Almaniyanın “Bild” nəşrinin tanınmış analitiki Julian Röpke hesab edir ki, ruslar və belaruslar “Suvalsk dəhlizi” adlanan ərazini ələ keçirmək üçün təlim keçirirlər.
Xatırladaq ki, 100 kilometrlik bu dəhliz strateji əhəmiyyət daşıyır – işğal olunacağı təqdirdə Kalininqradı Belarusla birləşdirir və Pribaltika respublikalarını Polşadan ayırır.
“Bild” nəşrinə görə, Vladimir Putinin "Qərb-2025" birgə hərbi təlimlərində toplanmış qüvvələrdən istifadə etmək üçün bir neçə mümkün variantı var. Nəşrin hesablamalarına görə, təlimlərə 30 minə yaxın hərbçi cəlb olunub.

Mütəxəssislər bu qüvvələrin Avropaya yeni hücum riskini artırdığını qeyd edirlər və bildirirlər ki, Kremlin bu istiqamətdə üç əsas ssenarisi var:
1. Qoşunu Qərb üçün daimi təhlükə olaraq Belarusda saxlamaq;
2. Şimaldan bir daha Ukraynaya hücum etmək;
3. Diqqətin Belarus sərhəddində cəmləşməsindən istifadə edərək, başqa yerdə gözlənilməz hücum həyata keçirmək.
Təhlilçilər vurğulayırlar ki, Kreml güc nümayiş etdirir, NATO isə hələ də cavab vermək üçün tam hazır görünmür. Misal kimi sentyabrın 10-da Rusiya pilotsuz təyyarələrinin Polşaya hücumu ilə bağlı insidenti göstərilir. Həmin vaxt ucuz Rusiya PUA-larını məhv etmək üçün hərəsi yarım milyon dollara yaxın olan bir neçə raketdən istifadə edilmişdi. Həmçinin, Polşaya soxulan 20-dən çox PUA-dan yalnız 4-ü vurulmuşdu.
Bununla belə, rusiyalı analitiklər və şərhçilər isə Rusiyanın son “Qərb-2025” hərbi təlimlərini açıq şəkildə tənqid edirlər. Onlar Rusiya Müdafiə Nazirliyini Ukraynadakı müharibənin dərslərindən nəticə çıxarmayan qeyri-real manevrlər keçirməkdə ittiham edirlər.
Hər necə olsa, sözügedən təlimlər Avropa və Ukrayna üçün təhlükə mənbəyidir. Belarusa toplanmış qüvvələrdən necə istifadə ediləcəyi daha çox NATO-nun Kremlə qarşı göstərəcəyi təpkidən, iradədən asılıdır. Hələlik isə vaxtilə qüdrətli, sarsılmaz təşkilat kimi bilinən bu hərbi alyans “çat verməkdə” və zəiflik göstərməkdə davam edir.
C.Məmmədli