Müdafiə nazirinin sabiq müavininin də ittiham olunduğu iş üzrə HÖKM OXUNUB - MƏHKƏMƏ
Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, şirkət əməkdaşı - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fuad Şeydabəyov 10 il 6 ay, Azər Xəlilov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin edilməyib.
Qeyd edək ki, general Fuad Məmmədov 2018-2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib. İş üzrə onun oğlu hüquqi varisi kimi tanınıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4, 341.2.1, 341.2.3 və 313-cü maddələri ilə ittiham olunub. Cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İttihama görə, mərhum general Fuad Məmmədov iki nəfər şirkət rəsmisi - Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.