KREML DİASPORA BAŞÇILARIMIZDAN NƏ İSTƏYİR?- “Pul toplamağıma imkan vermirlər...”
Kreml Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparmaqla yanaşı, Rusiyadakı azərbaycanlılara qarşı təqib və təhdidləri də gücləndirməkdə davam edir. Xüsusilə də azərbaycanlı iş adamları və diaspora fəalları hədəf seçilməkdədir.
Bu gün məlum olub ki, Moskvadakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından çıxarılıb. Bunu Rusiya polisi edib.
Xatırladaq ki, Rusiyada artıq polis insanları heç bir məhkəmə qərarı omadan vətəndaşlıqdan məhrum edir. Bu da Rusiyanın 21-ci əsrdə hansı cəngəlliklər qanunları ilə yaşadığını bir daha ortaya qoyur. Həsənovun vətəndaşlıqdan məhrum edilməsinə səbəb kimi onun guya “qeyri-qanuni miqrasiya, saxta mallar və etnik münaqişələrin qızışdırılması” ilə əlaqəli olması göstərilir. İndi hələ 2000-ci ildən Rusiya vətəndaşı olan Həsənovu Rusiyadan deportasiya gözləyir.
Rusiya mətbuatı azərbaycanlı diaspora fəalı ilə bağlı məlumatda xatırladır ki, Həsənov bundan əvvəl Moskva Dövlət Linqvistik Universitetində çıxış edərkən rektora hədiyyə təqdim edib və bu hədiyyənin Şuşa şəhərindən gətirildiyini vurğulayıb. Təbii ki, bu da nə Moskvanın, nə də ki, Rusiyadakı erməni nüfuz dairələrinin xoşuna gələ bilməzdi.
Bundan öncə isə Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin rəhbəri olmuş Elşad İbrahimov da vətəndaşlıqdan məhrum edilərək, ölkədən çıxarılıb. Ona qarşı bu addım guya “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər etməsi” ilə izah edilib. Lakin Rusiya DİN rəsmiləri bununla bağlı heç bir konkret izahat və İbrahimovun nə etdiyi barədə heç bir şərh verməyib…
Azərbaycanlı iş adamları və diaspor fəallarına qarşı bu hücumlar və təqiblər hər nə qədər Moskva ilə Bakı arasındakı gərginliklə izah olunsa da, səbəb təkcə bu deyil. Əsas səbəblərdən biri də odur ki, Ukraynadakı işğalçılıq müharibəsini maliyyələşdirməkdə getdikcə daha çox çətinlik çəkən Kreml bu prosesə qeyri-rus iş adamlarını, diasporaları da cəlb etməyə çalışır. İstədiyini, tələb etdiyini ala bilməyəndə isə bu cür çirkin, alçaq, qanunsuz hərəkətlərə keçir.

Moskvanın necə bir azərbaycanlı diaspora rəhbəri görmək istədiyini Yekaterinburq nümunəsində görmək olar. Orada diasporamızın hazırda həbsdə olan rəhbəri Şahin Şıxlinskinin yerinə özünü diaspora başçısı elan etmiş Vidadi Mustafayevin son açıqlamaları və hərəkətləri ümumi mənzərəni tam aydın göstərir. Belə ki, Rusiya mediasına danışan Vidadi Mustafayev həbsdə olan Şahin Şıxlinskidən şikayət edib. O iddia edib ki, Şıxlinskinin tərəfdarları onun azərbaycanlılar arasında “xüsusi hərbi əməliyyat” üçün vəsait toplamaq cəhdini pozmağa çalışırlar. Yəni, Mustafayev Rusiyanın Ukraynaya qarşı işğalını maliyyələşdirmək üçün azərbaycanlılardan pul toplamağa çalışır (Görünür, FSB-dən belə tapşırıq gəlib). Lakin onun dediyinə görə, Şıxlinskinin yaxınları buna imkan vermir.
O, həmçinin bildirib ki, bu yaxınlarda Moskvada olub, “rus diplomatları ilə görüşüb və orada proqramını, fəaliyyət istiqamətini və yanaşmasını açıqlayıb”. Mustafayev əlavə edib ki, rus diplomatlara görüşməsi onun üçün “kifayətdir” və “Azərbaycan diplomatları ilə əlaqə saxlamağın mənası yoxdur”: “Moskvada məni dinlədilər, sənədlərimi götürdülər və dedilər ki, mənimlə əlaqə saxlayıb, bundan sonra necə ünsiyyət quracağımızı izah edəcəklər”. Bəli, Moskvaya məhz Mustafayev kimi “diaspora başçıları” lazımdır. Odur ki, belə görünür, Kreml bu cür “fəalları” diaspora təşkilatlarında tam başa keçirməyincə, azərbaycanlı iş adamları və diaspora nümayəndələrinə qarşı repressiyalar davam edəcək…
C.Məmmədli