Rusiya Avropa Konvensiyasından çıxdı - Ölkəyə beynəlxalq nəzarət aradan qalxır
Rusiya Dövlət Duması Avropa Şurasının 1987-ci ildə qəbul etdiyi “İşgəncə və qeyri-insani rəftarın qarşısının alınması haqqında Konvensiya”nı rəsmən denonsasiya edib.
Rusiya Ədliyyə Nazirliyi bildirib ki, bu addım ölkədə insan haqları və təminatların azalmasına səbəb olmayacaq. Nazirlik iddia edir ki, Moskva hələ də əsas beynəlxalq müqavilələrdə iştirak edir və həmin sənədlər işgəncələrin qadağan olunmasını, həmçinin bu sahədə nəzarət mexanizmlərini özündə ehtiva edir.
Xatırladaq ki, Prezident Vladimir Putin sözügedən qanun layihəsini 8 sentyabrda parlamentə təqdim etmişdi. Sənədin izahatında göstərilir ki, 2023-cü ildən etibarən Rusiya Avropa Komitəsində nümayəndəsiz qalıb. Bu, Avropa Şurasının rusiyalı nümayəndənin seçilməsini bloklaması ilə əlaqələndirilir. Moskvanın təkrar müraciətləri isə cavabsız qalıb. Rusiya tərəfi bunu açıq diskriminasiya kimi qiymətləndirib.
Qeyd edək ki, konvensiyanın əsas məqsədi yalnız işgəncələri qadağan etmək deyil, həm də onların qarşısını almaq üçün xüsusi mexanizm yaratmaq idi. Bunun üçün Avropa İşgəncələrin Qarşısının Alınması Komitəsi fəaliyyət göstərir. Komitənin mütəxəssisləri əvvəlcədən xəbərdarlıq etmədən həbsxana, koloniya, xəstəxana və digər azadlıqdan məhrumetmə müəssisələrinə daxil ola bilir, şəraitlə tanış olur, məhbuslarla və personal ilə söhbətlər aparır, sonra isə hesabat dərc edirdi. Üzv dövlətlər bu hesabatlara reaksiya verməyə və aşkar olunan pozuntuları aradan qaldırmağa borclu idilər.
Rusiya 1996-cı ildə – Avropa Şurasına qoşulduğu zaman konvensiyaya imza atmışdı. Sonrakı illərdə beynəlxalq komitə dəfələrlə Rusiya türmələrində, istintaq təcridxanalarında monitorinqlər aparmış, çoxsaylı işgəncə faktları və ağır saxlanma şəraitini qeydə almışdı.
Artıq denonsasiyadan sonra Moskva beynəlxalq nəzarətçiləri ərazisinə buraxmaq öhdəliyindən azad olur. Məhbusların şikayətləri Avropa Komitəsində baxılmayacaq. Beləliklə, Rusiyada xarici, müstəqil nəzarət mexanizmi tamamilə ləğv edilir, yalnız FSİN-in daxili nəzarəti və yerli məhkəmələrin imkanları qalır./azpolitika