Rusiya “xilasedici kəmər”dən MƏHRUM EDİLİR - “66 faiz MÜHARİBƏNİN ƏLEYHİNƏDİR”
PUA-lar və sanksiyalar Rusiya iqtisadiyyatının “xilasedici kəməri”ni təhdid etdiyi üçün Ukrayna və ABŞ Kremlə təzyiqi artıra bilər.
“Forbes” nəşrində dərc edilən məqalədə belə deyilir.
Nəşr yazır ki, Ukraynanın Rusiya neft emalı zavodlarına pilotsuz təyyarələrlə hücum kampaniyası getdikcə Moskvanın iqtisadi əsaslarını sarsıdır. Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin fikrincə, hazırkı dinamika Donald Tramp administrasiyasına iqtisadi sanksiyaları Kiyevin “kinetik kampaniyası” ilə birləşdirərək, Kremli danışıqlar masasına oturmağa məcbur etmək imkanı verir: "Rusiyanın neft ixracı onun iqtisadi “xilasedici kəməri” olaraq qalır. Buna görə də Prezident Tramp bu məsələyə çox diqqət yetirir".
Ukraynanın hava hücumları artıq Rusiyanın neft emalı potensialının 17%-dən 21%-ə qədərini zədələyib. Ötən həftə dronlar sərhəddən 1500 km uzaqlıqdakı obyektə çatıb. Bu, nəinki yanacaq böhranına səbəb olur, həm də Kremli onsuz da çatışmayan hava hücumundan müdafiə vasitələrini yenidən bölüşdürməyə və onların cəbhədəki sayını azaltmağa məcbur edir.
Nəşr qeyd edir ki, Rusiya daxilində yanacağın qiyməti təxminən 25% artıb və çatışmazlıq ucqar bölgələrdə, eləcə də işğal olunmuş Krımda xüsusilə kəskindir.
Qeyd olunur ki, bu iqtisadi zərbə Rusiya şirkətlərini 1990-cı illərə qaytarır və barterə məcbur edir. Qərb sanksiyaları isə daha da güclənir. Artıq Rusiyada büdcə kəsiri 150 dəfə (!) artaraq 4,2 trilyon rubla çatıb.
Müstəqil Levada Mərkəzi qeyd edib ki, hazırda rusların 66%-i sülh danışıqları ideyasını dəstəkləyir ki, bu da rekord səviyyədir. Yalnız 27% müharibənin davam etdirilməsinin tərəfdarıdır: "Rusiyanın ən böyük sərvəti həmişə böyük ölçüsü olub. Lakin yeni dron arsenalının meydana çıxması ilə bu üstünlük zəifliyə çevrilir. Rusiyanın artıq HHM-lə bütün ərazisini əhatə etmək imkanı yoxdur".
Press-fakt