"Özəl pensiya fondu əlavə kimi nəzərdə tutulubsa, heç bir perspektivi olmayacaq"- Ekspert

Azərbaycanda pensiya sistemi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Sənəd ölkədə özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur.
Bildirilir ki, bununla vətəndaşlara dövlət pensiyasından əlavə özəl fondlardan da təqaüd almaq imkanı veriləcək. Yəni bu, mövcud dövlət sistemi ilə rəqabət deyil, əlavə seçimdir.
Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir? Dünyada geniş yayılan bu praktika ölkəmizdə gözləntiləri doğrulda biləcəkmi?
İqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, özəl pensiya fondu əlavə kimi nəzərdə tutulubsa, bunun heç bir perspektivi olmayacaq. İqtisadçı bildirib ki, özəl pensiya fondlarının yaradılacağı ilə bağlı məlumat verilsə də, sistemlə bağlı ətraflı informasiya paylaşılmayıb:
“Əslində bu hal Azəbaycanın qanunvericilik prosedurunun özəlliyidir. Ölkədə qanun layihələri ictimaiyyətdən gizlədilir. Əslində qanun layihələri qəbul olunmadan öncə ictimaiyyətə açıqlanmalıdır ki, insanlar onları nəyin gözlədiyini bilsinlər. Hazırda sözügedən layihə haqqında heç bir məlumat yoxdur”.
Həsənov qeyd edib ki, əgər vətəndaşlara dövlət pensiyasından əlavə özəl fondlardan da təqaüd almaq imkanı veriləcəksə, bunun perspektivini görmür. Dediyinə görə, vətəndaşlarımızın əksəriyyəti heç Dövlət Sosial Müdafiə Fonduna ödəniş etmək istəmirlər:
“Ona görə də vətəndaşların əlavə özəl fonda ödəniş edəcəyi inandırıcı görünmür. Xüsusən də Azərbaycan kimi inflyasiyaya məruz qalan bir ölkədə özəl fond instənilən vaxt bağlana bilər".
Əkrəm Həsənov: Əgər DSMF eyni şərtləri təklif edəcəksə, vətəndaşlar bu fonda müraciət etməyəcək
Ə.Həsənov bu sistemin məhz alternativ kimi tətbiq olunacağını gözlədiyini bildirib. Yəni, şəxs könüllü şəkildə özəl fonda müraciət edə bilər.
"Sadəcə özəl fond o dərəcədə cəlbedici olmalıdır ki, vətəndaş bu fonda üz tutsun. Əks halda vətəndaşlar özəl fonda getməyəcək. Əgər Dövlət Sosial Müdafiə Fondu eyni şərtləri təklif edəcəksə, vətəndaşlar bu fonda müraciət etməyəcək. Özəl fondun müflisləşmə və aldatma kimi vəziyyətləri yarana bilər. Dövlət isə dövlətdir. Vətəndaşın həm dövlətə, həm də özəl fonda ödəniş edəcəyini təsəvvür etmək çətindir", - deyə Əkrəm Həsənov izah edib.
Qeyd edək ki, özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.
Gülşən Şərif