"İğtişaşlara Avropa İttifaqı dəstək verir..."- Kobaxidzedən sərt ittihamlar
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, konstitusiya quruluşunun devrilməsi cəhdinə Avropa İttifaqının rəsmi nümayəndəsi dəstək verib. O hesab edir ki, Aİ-nin Gürcüstandakı səfiri bu vəziyyətdən uzaqlaşmalı və Tbilisinin küçələrində baş verənləri sərt şəkildə qınamalıdır.
Kobaxidzenin sözlərinə görə, paytaxt küçələrindəki vəziyyətə görə məsuliyyəti Avropa İttifaqının səfiri daşıyır: "Siz bilirsiniz ki, konkret şəxslər, o cümlədən Avropa İttifaqının nümayəndəsi də, xaricdən konstitusiya quruluşunun devrilməsi cəhdinə açıq dəstək ifadə edib. Bu aksiyanın başlığı belə idi və bu aksiyanı Aİ-nin rəsmi nümayəndəsi də dəstəklədi. Bu kontekstdə Gürcüstandakı Aİ səfiri xüsusi məsuliyyət daşıyır. O, zəhmət çəkib ortaya çıxmalı, bu hərəkətlərdən uzaqlaşmalı və Tbilisinin küçələrində baş verənləri sərt qınamalıdır. Bu, onun birbaşa məsuliyyətidir, xüsusilə də biz həmin dəstəkləyici bəyanatları eşitdiyimiz və gördüyümüz bir vaxtda. Gözləyək, onların buna reaksiyası necə olacaq".
Paytaxt meri Kaxa Kaladze isə Tbilisidə keçirilən etiraz aksiyaları barədə danışaraq bildirib ki, zorakılığa yol verən hər kəs qanun qarşısında cavab verəcək.
O qeyd edib ki, bir neçə hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, onlardan birinin vəziyyəti olduqca ağırdır: “Zorakılıq törədənlərlə bağlı biz dəfələrlə xəbərdarlıq etmişik ki, zorakılığa yol verməsinlər – bunun hüquqi nəticələri olacaq. Aydındır ki, zorakılığa görə məsul olan hər kəs qanun çərçivəsində cavab verəcək. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına gəlincə, bir neçə əməkdaş xəsarət alıb. Onlardan birinin vəziyyəti olduqca ağırdır. Mən ona şəfa diləyirəm. Sağlamlıq sahəsində çalışanlar onun sağalması üçün əllərindən gələni edirlər".
Press-fakt