“Ukraynaya “Tomahawk” raketlərinin verilməsi barədə qərar vermişəm”- TRAMP
ABŞ Prezidenti Donald Tramp bildirib ki, “müəyyən mənada” Ukraynaya “Tomahawk” tipli qanadlı raketlərin verilməsi barədə qərar qəbul edib.
Xarici KİV xəbər verir ki, jurnalistlərdən biri Trampdan ABŞ-nin bu raketləri birbaşa Ukraynaya tədarük edəcəyini, yoxsa daha sonra Ukraynaya ötürmək variantı ilə NATO-ya satacağını soruşub. Cavabında Prezident deyib ki, o, “demək olar ki, qərar qəbul edib”: "Düşünürəm ki, onların (ukraynalıların) onlarla (raketlərlə) nə edəcəyini bilmək istəyirəm. Onları hara göndərəcəklər? Güman edirəm ki, bu barədə soruşmalı olacağam... Mən müəyyən suallar verərdim. Mən bu müharibəni qızışdırmaq fikrində deyiləm".
“The Telegraph” isə bundan öncə yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Trampla qapalı görüşü zamanı ondan 1250-2500 km mənzilli “Tomaqavk” raketləri verməsini istəyib. Zelenski bildirib ki, onlar “Putini sülh sazişini müzakirə etmək üçün danışıqlar masasına oturmağa inandırmağa kömək edəcəklər”.
“The Wall Street Journal” öz növbəsində oktyabrın 1-də yazıb ki, Birləşmiş Ştatlar sərhəddən uzaqda yerləşən Rusiyanın enerji infrastrukturuna qarşı uzaqmənzilli raket zərbələri üçün Ukraynaya kəşfiyyat məlumatları ötürməyə razılaşıb. Nəşrin məlumatına görə, bu addım Tramp administrasiyasının Ukraynanı uzaqmənzilli silahlarla təmin etməyi düşündüyü bir vaxtda atılıb.
“Reuters” isə daha əvvəl “Tomaqavk” raketlərinin Ukraynaya verilməsini “mümkünsüz” adlandırmışdı, çünki bu raketlərin ABŞ-dəki ehtiyatları ilk növbədə ABŞ Hərbi Dəniz Qüvvələri və digər məqsədlər üçün nəzərdə tutulub. “Reuters”-in mənbələri bildiriblər ki, daha qısa mənzilli raketlərin tədarükü ehtimalı daha yüksəkdir. Məsələn, 2024-cü ildə Ukraynaya verilən və hazırda tükənən ATACMS raketləri 300 km-ə qədər məsafədəki hədəfləri vura bilir.
Putin isə bəyan edib ki, Trampın Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmək qərarı ABŞ-Rusiya münasibətlərinin dağılmasına gətirib çıxaracaq./azpolitika