Avropa Məhkəməsi baş redaktorla bağlı qərar verdi - “İlk sevincimi hökm oxuyan hakimlə bölüşdüm...”
“Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Mahmudovun rəhbərlik etdiyi, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin mənə qarşı qanunsuz həbsi və barəmdəki sifarişli məhkəmə hökmünə dair şikayətim üzrə qərarını açıqlayıb. Konvensiyan 5 (Azadlıq və toxunulmazlıq hüququ) , 6 (Ədalətli məhkəmə araşdırması hüququ) və 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) pozuntularını tanıyıb”.
Bunu tanınmış jurnalist, “Gününsəsi.info” saytının baş redaktoru Pərviz Həşimli “Facebook” hesabında yazıb.
“Məhkəmə hesab edib ki, həbsim tam qanunsuz olub, mənzilimə silahlar istintaq orqanı tərəfindən yerləşdirilib. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsi ədalətli məhkəmə araşdırmasını aparmayıb. Avropa İnsan Hüquqları Məhkəməsi bu pozuntulara görə mənə təzminat təyin edib”, - jurnalist qeyd edib.
P.Həşmili bildirib ki, ilk sevincimi zəng edərək onu azadlıqdan məhrum edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovla onunla bölüşüb: “O "bu qalibiyyətinə görə səni təbrik edirəm, axır ki, istəyinə nail oldun" dedi”.
Pərviz Həşimli onu məhkəmələrdə müdafiə edən vəkillərinə təşəkkür edib, həmçinin qeyd edib ki, Ali Məhkəmənin ona bəraət verməsi üçün hüquqi addımlar atacaq.
Press-fakt