Düşənbədə PUTİN VƏ ƏLİYEV ARASINDA GÖRÜŞ - "Kompensasiya ödəniləcək, günahkarlar cəzalanacaq"- VİDEO
Bu dəqiqələrdə Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
***
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü AZAL-a məxsus təyyarənin qəzaya uğramasına dair vəziyyətin müzakirə edilməsi ilə başlamağı təklif edib.
Press-fakt xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Bildirilib ki, Putin faciənin Rusiya səması üzərində baş verdiyinə görə üzr istədiyini xatırladıb.
Rusiya lideri, həmçinin qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Onun sözlərinə görə, Rusiya təyyarənin qəzaya uğraması ilə bağlı istintaqa dəstəyini göstərir.
Hadisə haqda danışan Putin etiraf edib ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Ancaq iddia edib ki, atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib.
Rusiya lideri qeyd edib ki, AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi Ukraynaya məxsus 3 PUA-nın səmada olması və Rusiya sərhədini keçməsi olub: “Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb. Təyyarə, çox güman ki, raketin elementləri ilə deyil, qırıntıları ilə vurulub”.
“Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, - deyə Putin vurğulayıb.
Putin bildirib ki, görüşdən əvvəl o, Moskvaya zəng edib və AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat barədə əlavə təfərrüatın olub-olmadığını soruşub: “Açıq danışsaq, bu gecə Moskvaya zəng etdim və hansısa əlavə detalların olub-olmamasını soruşdum. Mənə məlum olan hər şeyi sizə bildirdim”.
***
Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
Bununla bağlı AZƏRTAC xəbər verib.
"Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim", - deyə dövlətimizin başçısı bildirib.