İlham Əliyev məhdud tərkibdə iclasda çıxış edib - FOTOLAR
Bu dəqiqələrdə Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.
Press-fakt xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.
Dövlətimizin başçısı qeyd edib: "Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm".
Bu ilin iyununda Laçında "MDB-nin mədəniyyət paytaxtı ili"nin açılış mərasiminin keçirildiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, tədbir gedişində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verilib. Dövlətimizin başçısı əlavə edib: "Tədbirin qonaqları Ermənistanın 30 illik işğalından azad ediləndən sonra Laçının sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular".
"MDB Oyunları kimi tədbirlər həm Birlik daxilində, həm də ondan kənarda dostluq və əməkdaşlığı möhkəmləndirir. Bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunlarının qədim Gəncə şəhərində, həmçinin Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirildiyini vurğulayan dövlət başçısı bildirib ki, belə tədbirlər MDB çərçivəsində və onun hüdudlarından kənarda dostluğu və əməkdaşlığı gücləndirir, qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə töhfə verir" - deyə, Prezident Əliyev qeyd edib.