Pensiya yaşı yenidən artırıla bilər - "Yaşlı insanların sayının artması..."
2024-cü ildə Azərbaycanda 65 yaşdan yuxarı insanların əhalidə payı 9,1 faiz olub. Maliyyə Nazirliyinin hazırladığı “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi” sənədinə görə, bu göstəricinin 2050-ci ilə qədər 18,1 faizə yüksələcəyi proqnozlaşdırılır.
Sənəddə qeyd olunur ki, yaxın onilliklərdə yaşlı insanların sayının artması ilə əhalinin strukturunda dəyişiklik baş verəcək. Bu isə pensiya sisteminə təsirsiz ötüşməyəcək – dövlət sosial sığorta haqqı ödəyənlərin sayı azalacaq, nəticədə pensiya sisteminin maliyyə yükü artacaq.
Eyni zamanda, ölkədə yaşayış səviyyəsinin, tibbi xidmətin və sosial təminatın yaxşılaşması insanların ömür uzunluğunun artmasına gətirib çıxarır. 2024-cü ildə orta ömür uzunluğu 74,6 il olub, BMT-nin hesablamalarına əsasən, bu göstərici 2050-ci ildə 78,6 il-ə çatacaq. Bu, pensiya ödənişlərinin daha uzun müddət davam etməsinə və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) əlavə yük düşməsinə səbəb olacaq.
Maliyyə Nazirliyi bildirir ki, bu şəraitdə əsas məqsəd pensiya sistemini daha dayanıqlı, ədalətli və etibarlı etməkdir. Bunun üçün sığorta prinsiplərinin gücləndirilməsi və islahatların davam etdirilməsi prioritet sayılır.
Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan DSMF-nin sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi təklif olunur. Bu addım pensiya sisteminin uzunmüddətli sabitliyini və maliyyə davamlılığını təmin etmək məqsədi daşıyır.
Məlumat üçün qeyd edək ki, son illər sosial siyasət çərçivəsində tətbiq edilən yeni qaydalar və pensiya təyinatı mexanizmlərinin sərtləşdirilməsi bir çox şəxsin pensiya sistemindən kənarda qalmasına səbəb olub. Xüsusən də pensiya yaşının mərhələli şəkildə artırılması bir çox insanın daha gec pensiyaya çıxması ilə nəticələnib. İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin pensiya yaşı isə 65 yaş olaraq müəyyən edilib.
Press-fakt