Böyük Britaniyadan yeni sanksiyalar - Vahid Ələkbərov, Qod Nisanov, daha kimlər var...
Oktyabrın 15-də Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları daha da genişləndirib. Britaniya hökumətinin rəsmi saytında yayımlanan məlumata əsasən, yeni sanksiya paketinə Rusiya enerji sektorunun nəhəngləri olan "Rosneft" və "Lukoil" daxil edilib. Xüsusilə Lukoil-un prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərovun da sanksiya siyahısına salınması diqqət çəkib.
Sanksiyalar çərçivəsində həmçinin "kölgə donanması" ilə əlaqəli olduğu bildirilən 51 gəmi, eləcə də Transstroybank, Primsoçbank, BBR Bank və Solid Bank kimi maliyyə institutları hədəfə alınıb. Ümumilikdə 90 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edilib ki, onların arasında Çin, Hindistan və Sinqapur mənşəli şirkətlər də var.
Böyük Britaniya “Rosneft” və “Lukoil”un Rusiya hökuməti üçün strateji enerji resursları üzərində dominant mövqeyini əsas gətirərək bu addımı atdığını bəyan edib. Qeyd olunur ki, “Rosneft” artıq Avropa İttifaqının sanksiya siyahısındadır, lakin Britaniya G7 ölkələri arasında "Lukoil"ə qarşı sanksiya tətbiq edən ilk ölkədir. ABŞ isə hələlik bu şirkətlərə qarşı sanksiya qərarı verməyib.
Britaniyanın sanksiya siyahısında yer alan şəxslər arasında bir neçə azərbaycanlı da var. Bunlar arasında:
Vahid Ələkbərov – “Lukoil”un prezidenti
Qod Nisanov – “Kiyevskaya Ploşad” şirkətinin direktorlar şurasının sədri
Zarax İliyev – Nisanovla əlaqəli iş adamı
Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov, Etibar Eyyub, Tahir Qarayev – “Coral Energy Group” şirkətinin rəhbərləri
Şanlık Şükürov – “Mastel Makina” şirkətinin nümayəndəsi
Fikrət Tağıyev – 2009-cu ildə vəfat edən hüquqşünas Sergey Maqnitskinin saxlandığı “Matrosskaya Tişina” həbsxanasının sabiq rəhbəri.
Britaniya tərəfi bildirir ki, Fikrət Tağıyev Maqnitskiyə qarşı pis rəftara görə birbaşa məsuliyyət daşıyır. Onun həmçinin Maqnitskinin ölüm şəraiti ilə bağlı dəlillərin gizlədilməsində iştirak etdiyi qeyd olunur.
Yeni sanksiyalar çərçivəsində siyahıya düşən şəxslərin və şirkətlərin aktivləri dondurulacaq, onlara səyahət qadağası və digər maliyyə məhdudiyyətləri tətbiq olunacaq.
Press-fakt