III Dünya Müharibəsi olmayacaq - Tramp əmin etdi
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna üzərindən III Dünya Müharibəsi olmayacaq.
Mətbuat konfransı zamanı Tramp bir daha vurğulayıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi onun prezidentliyi dövründə baş verməyib.
"Bu müharibəni mən başlamamışam. Bu, Bayden razılaşması idi. Mən gələndə tamamilə qarışıqlıq idi. Bu, III Dünya Müharibəsinə səbəb ola bilərdi. Ancaq baş verməyəcək" deyə o, əmin edib.
Trampın sözlərinə görə, o, ikinci dəfə vəzifəyə başlayanda Rusiya-Ukrayna müharibəsi qızğın gedirdi.
"Mən gələndə heç kim sülh barədə düşünmürdü. Dörd il ərzində heç kim bu barədə danışmadı... Bütün bunlar çox pis qərarlar qəbul edildiyi üçün baş verdi”, - Tramp deyib.
ABŞ prezidenti təkcə ötən həftə Rusiya ilə Ukrayna arasında gedən müharibədə 7 mindən çox insanın həlak olduğunu bildirib.
"Bu, bizim ölkəmizə təsir etmir. Biz amerikalıları itirmirik. Amma onlar rusları, ukraynalıları, əsasən də əsgərləri itirirlər. Və biz bunu dayandıra biləcəyimizə inanırıq. Düşünürəm ki, prezident Putinlə münasibətlərim sayəsində bu, çox tez baş verəcək", - Tramp deyib./modern.az