NORMALLAŞMA TƏXİRƏ SALINIR?- Putinin Düşənbədəki “tərəfdaşlıq” bəyanatları özünü doğrultmur
Çoxları Prezidentlər İlham Əliyevlə Vladimir Putinin Düşənbədəki görüşündən sonra münasibətlərin normallaşmasına, xüsusilə də Rusiyada yaşayan həmvətənlərimizə qarşı təqib və təhdidlərin azalacağına ümid edir. Lakin hələlik bu ümidlər özünü doğrultmur.
Məlum olduğun kimi, Düşənbə görüşündən sonra Azərbaycan tərəfi faktiki olaraq, FSB-nin patronajlığı altında fəaliyyət göstərən “Sputnik”-in Bakı bürosunun rəhbərini ev dustaqlığına buraxdı. Əvəzində, Rusiya tərəfi Rusiya vətəndaşı, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, “Dostluq” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərilə təltif olunan, Rusiya Federasiyasının Əməkdar artisti adını daşıyan Azərbyacan əsilli mədəniyyət xadimi, Moskva Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayevi həbsdən evə buraxıb. Yəni, Kreml öz agentini, bir növ özünün girov götürdüyü vətəndaşı ilə “başa-baş dəyişdi”.
Belə görünür ki, “münasibətlərin yumşalması”na əsalanaraq, azərbaycanlılara qarşı təqiblərin azalmasına olan ümidlər bununla da bitdi. Belə ki, Rusiyada azərbaycanlılara qarşı repressiyalar davam edir.
Dünən Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri İslam Hüseynovun Rusiya vətəndaşlığından çıxarıldığı açıqlandı. O, 20 il Rusiyada yaşayıb, ictimai işlərdə fəal iştirak edib. Qərarın səbəbləri açıqlanmır. Rusiyada hazırda vətəndaşlıqdan məhrumetmə elə bir “bespredel” səviyyəsinə çatıb ki, məhkəmə qərarı olmadan, yerli məmurların qərarı ilə istənilən şəxsi vətəndaşlıqdan məhrum edə bilirlər. Xüsusilə də həmin şəxs qeyri-rus millətdəndirsə.
Bunun ardınca, digər azərbaycanlı diaspora fəalı, Rusiya Smolensk vilayətinin Azərbaycan Milli Konqresinin lideri, Azərbaycan əsilli iş adamı Faiq Əliyevə 4 il həbs cəzası və 8,4 milyon rubl cərimə kəsilib. Bu iş onunla “əsaslandırılıb” ki, guya Əliyev onun obyektlərinə işıq çəkən elektriklərə rüşvət verib. Hansı ki, bu hal olubsa da belə, Rusiyada elektrik çəkən şəxslərə “hörmət edilməsi” adi haldır və buna görə ən azından yerli ruslara heç kim cinayət işi qaldırıb, onları həbs etmir…
Ümumilikdə son bir il ərzində Kremlin azərbaycanlılara qarşı repressiyaları nəticəsində Yekaterinburq, Arxangelsk, Çelyabinsk, Moskva şəhəri və Moskva vilayətindəki Azərbaycan diasporlarının rəhbərləri ya həbs edilib, ya da vətəndaşlıqlarını itiriblər. Onların arasında ən tanınmış şəxslərdən olan Yerkaterinburqdakı diasporamızın başçısı Şahin Şıxlinskinin həm özü, həm də oğlu həbsə atılıb və hələlik, onların azadlığa buraxılacağına dair heç bir əlamət yoxdur.
Rusiyalı təbliğatçılar həyasızlıqla bütün bunların Rusiyanın vurduğu AZAL təyyarəsilə bağlı “rəsmi Bakının tələblərinə cavab” kimi qələmə verirlər. Yəni, Moskva bunu bilərəkdən – Bakını ram etmək üçün həyata keçirir.
Beləliklə, Putinin Düşənbədəki üzrxahlığına və izahatına, münasibətlərin normallaşacağına dair açıqlamalarına baxmayaraq, Rusiyadakı azərbaycanlı fəallarla bağlı vəziyyət düzələnə oxşamır. Belə görünür ki, ya Putini sayan yoxdur, ya da Kreml başçısı üzdə bir şey deyib, arxada əlaltılarına başqa əmrlər verir…
C.Məmmədli