Baş prokuror 73 nəfərin müraciəti ilə bağlı göstərişlər verdi - Foto
Baş prokuror Kamran Əliyev Gəncə Şəhər Prokurorluğunun inzibati binasında Gəncə şəhər, Göygöl, Samux, Kəlbəcər rayonları və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl baş prokuror Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra o, Gəncə Memorial Kompleksini ziyarət edib, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş insanların əziz xatirəsini yad edib, abidə önünə gül dəstələri qoyub.
Qəbulda iştirak edən 73 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən K.Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb./qafqazinfo
