Rusiyada daha bir “dövlətə xəyanət” işi: məşhur detektiv həbs edilib
Rusiyada “dövlətə xəyanət” ittihamı ilə daha bir tanınmış şəxs – “Beynəlxalq Özəl Detektivlər Birliyi” adlı qeyri-kommersiya təşkilatının prezidenti Andrey Matuşkin həbs olunub.
RBK xəbər verir ki, Matuşkin sentyabr ayında məhkəmə qərarı ilə həbs edilib və hazırda Sankt-Peterburqdakı istintaq təcridxanasında saxlanılır.
İstintaqın versiyasına görə, Matuşkin xarici ölkələrə dövlət sirri təşkil edən məlumatlar ötürməkdə və xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqda şübhəli bilinir. Məlumatlarda xüsusilə Baltik ölkələri ilə təmaslardan bəhs olunur. Bununla belə, işin detalları ictimaiyyətə açıqlanmır.
Tanınmış rusiyalı detektiv Mixail Loktionov RBK-ya bildirib ki, bu iş üzrə daha iki detektiv də istintaqa cəlb olunub, lakin onlardan biri sonradan azadlığa buraxılıb.
Onun sözlərinə görə, Matuşkinin rəhbərlik etdiyi birlik istənilən şəxs üçün açıq olub: “Hətta peşəkar detektiv olmasanız da, üzvlük haqqını ödəməklə birliyə qoşulmaq mümkün idi.”
Son illərdə Rusiyada “dövlətə xəyanət” maddəsi ilə açılan işlərin və çıxarılan hökmlərin sayı kəskin artıb. Xüsusilə 2022-ci ildə Ukraynaya hərbi müdaxilədən sonra bu kateqoriyalı işlərin sayı sürətlə çoxalıb.
Rəsmi məlumatlara əsasən, 2025-ci ildə Rusiya məhkəmələri hər gün orta hesabla beşdən çox hökmü “terrorizm” və “dövlətə xəyanət” maddələri üzrə çıxarır. Bu, postsovet dövründə rekord göstərici sayılır.
Ekspertlər hesab edirlər ki, bu tendensiya Rusiya hakimiyyətinin cəmiyyət üzərində nəzarəti sərtləşdirmə və xarici əlaqələri olan şəxsləri potensial “təhlükə” kimi qiymətləndirmə siyasətinin tərkib hissəsidir./azpolitika