Elza Ermənistanda konsertə hazırlaşır: Məşhur “Tikim” və “Sapım” şeirlərimi səsləndirəcəyəm
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar fonunda regionda yeni reallıqlar formalaşır. İki ölkə arasında diplomatik təmasların və qarşılıqlı səfərlərin artması humanitar və mədəni müstəviyə keçid üçün zəmin yaradır.
Bir çoxları düşünür ki, mədəni mübadilə, ortaq layihələrin təşkili və sənət adamlarının bir-birinin auditoriyası qarşısında çıxış etməsi gələcəkdə qarşılıqlı anlaşma və etimadın bərpasına töhfə verə bilər.
Azərbaycanlı sənət adamlarının Ermənistan auditoriyası qarşısında çıxış etməyə münasibəti birmənalı deyil.
Əməkdar artist Elza Seyidcahan modern.az-a bildirib ki, artıq bir müddətdir bu barədə düşünür.
“Yaxın gələcəkdə Ermənistanın mərkəzi meydanında "Qarabağ Azərbaycandır!" adlı solo konsertimə hazırlaşıram. Əlbəttə ki, o konsertdə məşhur, sevilən şeirlərimi də, səsləndirəcəyəm”.
E. Seyidcahan xüsusi ilə "Əşyalarım”, “Tikim” və “Sapım” şeirlərini konsertində ermənilər üçün də deyəcək.
Müğənni Nura Suri isə Elza Seyidcahandan fərqli olaraq vurğulayıb ki, Ermənistanda gənc nəsil üçün konsert vermək haqqında düşünmək daha rahat olacaq:
“Bunu gələcək göstərəcək. Gənc ifaçılara Ermənistanda konsert vermək çətin olmaz. Amma mənim anam Qarabağ müharibəsində döyüşdə yaralanıb, ikinci qrup əlildir. Valideynlərimin hər ikisi vətən uğrunda döyüşən insanlar olub. Tanıdığım sənətçilər var ki, şəhid övladlarıdır. Elə Mehin Hümbətovanı götürək. Düşünürəm ki, biz hələ Ermənistanda konsert verməyə hazır deyilik. Bunu daha gənc nəsil gələcəkdə edə bilər”.