UCUZ KOLBASA - BAHALI FƏSAD: Bazarda “ucuzluğun” arxasında gizlənən təhlükə
Payız günəşi bu dəfə bazarların təkcə meyvə-tərəvəzini deyil, kolbasanı, sosiskanı da qızdırır. Küçələrdə, yol kənarlarında, “8-ci kilometr” bazarının girişində eyni mənzərə: qutuların, torbaların içində günəşin altında “yanan” ət məhsulları…
Üstündəki qiymət kağızları isə alıcıları cəlb edir. Çünki bu kolbasalar mağazadakından ucuzdur – demək, cüzdan üçün sərfəlidir. Amma unuduruq ki, bu “ucuzluq” bəzən çox baha başa gələ bilər — sağlamlıqla, bəzən də həyatla.
“Oğlumun maaşını kolbasa ilə verirlər…”
Küçədə kolbasa satan orta yaşlı bir qadına yaxınlaşıram və sual edirəm:
– Bu məhsullar hardan gəlir?
Qadın gülümsəyir və deyir:
– Oğlum Keşlədə kolbasa zavodunda işləyir. Maaşının yarısını kolbasa ilə verirlər. Mən də gətirib burada satıram. Necə dolanaq, başqa yolumuz yoxdur. Narahat olmayın, bu gün istehsal olunub, keyfiyyətlidir.
O, 994 qramlıq kolbasanı 5 manata, 620 qramlığı isə 4 manata satır. Qiymət doğrudan da “şirindir”. Kolbasaların üstündəki etiketlərdəki tarixlər də təzə yazılmış kimi görünür. Bu “bu gün istehsal olunub” sözlərinin nə qədər həqiqət daşıdığını isə bilmək çətindir.
Satıcı əlini sinəsinə qoyub and içir:
– Mən özüm də bu məhsullardan yeyirəm, hələ heç kim zəhərlənməyib.
Amma elm, təcrübə və tibbi faktlar “hələ heç kim” arqumentini qəbul etmir. Ət məhsulları açıq havada, xüsusilə isti şəraitdə saxlandıqda bakteriyalar üçün ideal mühitə çevrilir. Qida zəhərlənmələrinin bəziləri dərhal özünü göstərməsə də, sonradan ciddi fəsadlara yol aça bilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da vəziyyətdən narahatdır. O deyir ki, ara marketlər və açıq bazarlarda qida təhlükəsizliyinə nəzarət demək olar ki, yoxdur:
“Marketlərdəki məhsullar AQTA nəzarətindən keçir. Amma bazar və yarmarkalarda bu nəzarət sıfır səviyyəsindədir. Açıq havada satılan toyuqlar, kolbasalar, bankalarda qaymaqlar, hətta etiketsiz məhsullar görürük. Yeyinti məhsulları haqqında qanunda açıq yazılıb ki, hər bir məhsulun istehsal və son istifadə tarixi, şirkət adı və etiket məlumatı olmalıdır. Təəssüf ki, bu tələblərə bazarlarda əməl edilmir”.
Ekspert bildirir ki, məhsulların istehsalçıdan istehlakçıya “soyuq zəncir” prinsipi ilə daşınması vacibdir. Amma küçə ticarətində bu zəncir çoxdan qırılıb.
“Bazarlarda satılan məhsullar ucuzdur, bu doğrudur. Amma insan sağlamlığı ucuz ola bilməz. Əgər dövlət bu sektoru nəzarətsiz buraxırsa, nəticədə zəhərlənmələr, xəstəliklər artır, ömürlər qısalır”, – deyə Hüseynov əlavə edir.
“Ucuz ət” – qısa ömür
Azərbaycan uzunömürlülər siyahısında dünya ölkələrindən geri qalır. Bəlkə də səbəblərdən biri də budur: qidalanma mədəniyyətindəki xaos, keyfiyyətsiz və nəzarətsiz qida istehlakı.
Heç bir dövlət qurumu küçədə günəşin altında “bişən” kolbasaları, qızmış toyuqları ciddi şəkildə nəzarətə götürmür. Halbuki, bu məsələ təkcə iqtisadi yox, həm də milli sağlamlıq məsələsidir.
Günəş altında “təzə” adı ilə satılan kolbasalar ucuz ola bilər. Amma həmin ucuzluğun arxasında görünməyən bir təhlükə dayanır – zəhərlənmə, xəstəlik, həyat riski.
Və bu mənzərə dəyişməyincə, hər bazar günü şəhərin kənarında “ucuzluq” axtaran insanlar bilmədən öz sağlamlıqlarını bazar torbalarına yığmağa davam edəcəklər.
Qida məsələləri üzrə ekspert İlkin Şirinov vurğulayıb ki, markalanmayan, nəzarətsiz və mənşəyi bilinməyən məhsullar əsl təhlükə mənbəyidir.
"Qida qanunvericiliyinə görə, hər bir ət və ət məhsulunun üzərində istehsal tarixi, son istifadə müddəti, sertifikat nömrəsi, saxlanma qaydası və istehsalçı müəssisənin adı göstərilməlidir. Bu tələblər sadəcə qanuni öhdəlik deyil, həm də insan sağlamlığının qorunmasının əsas təminatıdır. Lakin küçə satıcılarının təqdim etdiyi məhsulların üzərində heç bir markalanma yoxdur. İstehlakçı məhsulun harada, hansı şəraitdə hazırlandığını, nə qədər müddətdir açıq havada saxlandığını bilmir. Çox zaman bu məhsullar xəstə heyvanlardan əldə edilir. Düzgün soyuducu şərait olmadan daşınır və saxlanılır, baytarlıq nəzarətindən keçmir.
Bu məhsulları istifadə edən insan qısa müddətdə zəhərlənmə, uzun müddətdə isə ölümcül xəstəlik riski ilə üz-üzə qalır. Nəticədə Salmonellyoz, Hepatit A, Botulizm, Mədə-bağırsaq infeksiyaları ağır zəhərlənməyə qədər gətirib çıxarır".
Ekspert bildirib ki, əslində, qanun küçə və yol kənarında ət məhsullarının satışını qadağan edir:
"Ancaq real vəziyyət tam fərqlidir. Səbəblərdən biri ucuz məhsula olan tələbat, digəri isə nəzarət mexanizmlərinin zəif işləməsidir. Yoxlamalar yalnız kütləvi zəhərlənmə halları baş verəndə gündəmə gəlir. Ət və ət məhsulları yalnız etibarlı, sertifikatlı mağaza və supermarketlərdən alınmalıdır. Məhsul üzərində istehsal tarixi, saxlanma şərtləri və sertifikat yoxdursa, qəti almayın. Əgər məhsulun dadı, qoxusu və rəngi şübhəlidirsə, onu istifadə etməyin. Küçələrdə satılan ət, toyuq, balıq, kolbasa və sosiska əslində qida deyil, yavaş işləyən zəhərdir. İstənilən an bir ailənin faciəsinə səbəb ola bilər"./musavat.com