“Yıxılana balta vurmaq Əli Nağıyevə layiq hərəkət deyil”- Keçmiş nazir
Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından biri, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri professor Əli Nağıyev “Yeni sabah”a müsahibəsində Ramiz Mehdiyev ətrafında baş verən hadisələrə dair fikirlərini açıqlayıb. Əli Nağıyev bildirib ki, Ramiz Mehdiyev barədə ona çoxsaylı zənglər gəlsə də, heç birinə cavab verməyib və vurğulayıb ki, Heydər Əliyev hakimiyyətdə olarkən öz fikirlərini tam şəkildə səsləndirib.
O qeyd edib ki, yıxılana əlavə zərbə vurmaq onun iş prinsipi deyil.
“Mən Heydər Əliyev hakimiyyətdə olanda Ramiz Mehdiyev haqqında bütün sözlərimi demişəm. Amma yıxılana balta vurmaq mənim sənətim deyil. Ona görə də indi heç nə danışmaq istəmirəm,”- Əli Nağıyev bildirib.
O həmçinin qeyd edib ki, keçmişdəki çıxışları və mövqeləri ilə bağlı istənilən araşdırma nəticəsində həmin fikirlər təsdiqlənəcək. Əli Nağıyev 1995- ci ildə deputat olmağa can atanların zamanında onun televiziyada çıxışlarının xatırlanmasını və Yaqub Eyyubovdan da bu barədə soruşmağı tövsiyə edib.
Müsahibədə Əli Nağıyev nazir işlədiyi dövrdə Ramiz Mehdiyev ilə münasibətlərinin normal olduğunu deyib. “Münasibətlərimiz normal olub. Aşağı səviyyəli məmur yuxarı vəzifədə işləyənlərin qanun çərçivəsində olan tapşırığını yerinə yetirməlidir. Əgər tabe olmasan, gərək işləməyəsən,” — Əli Nağıyev bildirib.
"91-lər" haqda və R.Mehdiyevin onlara qoşulmaması barədə verilən suala isə Ə.Nağıyev belə cavab verib:
"YAP-ı mən Heydər Əliyevlə birlikdə yaratmışam. Sözsüz ki, Əliyevçi mübariz ətrafımla birlikdə. “91-lər”i də mən yaratmışam. Çox gözəl bilirəm ki, orada kimlər var, kim səmimidir, kim saxta. Siyahıda elə adam var idi ki, hətta, nə üçün orada olduğunu belə bilmirdi. Bu gün tarix pozulur. Kimlərsə, özünü o tarixə dürtmək istəyirlər deyə, tarixi əyri yazırlar, həqiqəti saxtalaşdırırlar. Belə olmaz. “91-lər”in yaradılması təbliğat üçün lazım idi. Bir də Heydər Əliyev istəyirdi bilsin, insalar bu məsələyə necə münasibət göstərir.
Mən bunu Sirusa dedim. O da yazıb gətirdi, mən də onun surətini çıxarıb həmin dövrdə Azərbaycan Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru olan Əli İnsanova, Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Həsən Mirzəyevə, AMEA-nın Kimya Problemləri İnstitutunun direktoru Ramiz Rizayevə, Səbail rayonunun keçmiş katibi, Azərbaycan Tibb Universitetinin professoru Xəlil müəllimə, Azərbaycan Dövlət Pedoqoji Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Zahid Qaralova, Bakı Dövlət Universitetindən Səfiyar Musayevə və digər şəxslərə göndərmişəm. Belə-belə hər təşkilatdan 3-5 imza yığılıb və həmin “91-lər” adlanan müraciət qəzetdə dərc olunub. “91-lər”i ələkdən keçirsək, gərək hazırda yuxarı mərtəbədə oturanların çoxu ölsün, yerə girsin. Onların hamısı təəssadüfən oraya gəlib çıxanlardır. Ona görə də mən bu siyahıya böyük məna vermirəm."
Partiya rəhbərliyi dövründə Ramiz Mehdiyevin müdaxiləsinə gəlincə, Əli Nağıyev deyib ki, rəhbər olduğu dönəmdə YAP ın işlərinə heç kimin müdaxilə edə bilməyib, yalnız Heydər Əliyevin göstərişlərinə əməl edib: “Mən rəhbər olanda heç kəs YAP ın işlərinə burnunu soxa bilmirdi. Heydər Əliyevdən başqa heç kəsin tapşırığına qulaq asmamışam…”
Müsahibənin sonunda Əli Nağıyev bir daha vurğulayıb ki, bu gün Ramiz Mehdiyevin adını çəkmək istəmir: “Qısası, mən bu gün Ramiz Mehdiyevin adını çəkmək istəmirəm. Əsas düşüncəm odur ki, yıxılana balta vurmaq Əli Nağıyevə layiq hərəkət deyil”, - o deyib.
Press-fakt





















