RUS NEFTİNİN 70 FAİZİ ABŞ SANKSİYASI ALTINA DÜŞDÜ - Çin və Hindistan çətin duruma salınır
Rusiya hakimiyyəti Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən, “Rosneft” və “Lukoil” şirkətlərini hədəf alan yeni sanksiyaların büdcəyə ciddi zərbə vuracağını gözləyir.
Bu barədə “Bloomberg” agentliyi Kremlə və hökumətə yaxın mənbələrə istinadla məlumat yayıb.
Agentliyin mənbələrindən birinin məlumatına görə, xəzinə itkiləri qaçılmazdır, baxmayaraq ki, onların həcmini hazırda hesablamaq çətindir. Rusiyanın iki ən böyük neft şirkəti onun ümumi ixracının yarısını və ya gündə 2,2 milyon barreli təşkil edir. Artıq qara siyahıya salınmış "Surqutneftegaz" və "Qazprom Neft" şirkətlərini də nəzərə alsaq, xaricə ixrac edilən neftin 70%-i ABŞ-nin blok sanksiyalarına məruz qalır.
“Bloomberg”in mənbəsi bildirib ki, Rusiya sanksiyaların maliyyə təsirini məhdudlaşdırmaq üçün "kölgə donanması"ndan və vasitəçi neft treyderləri şəbəkəsindən istifadə edəcək. Sanksiyaların tam tətbiqinə bir ay qalıb - vəziyyətə uyğunlaşmaq üçün vaxt var; üstəlik, Tramp Kremllə danışıqlardan asılı olaraq mövqeyini dəyişə bilər.
“Freedom Finance Global” şirkətinin analitikləri hesablayıb ki, hətta “Rosneft” və “Lukoil”-in ixracı 5-10% azalsa və Rusiya neftinə endirimlər çoxalsa, bu, büdcəyə ayda 120 milyard rubl itki verəcək. Maliyyə Nazirliyinin planına görə, xəzinədarlıq bu il neft və qaz vergilərindən 8,3 trilyon rubl və ya ayda orta hesabla 690 milyard rubl toplayacaq. Buna görə də, sanksiyalarla bağlı itkilər bu məbləğin təxminən 20%-ni təşkil edə bilər: “Logistika yenidən qurularkən ixrac həcmləri azala və endirimlər (Rusiya neftinə-red.) genişlənə bilər. Vəziyyət neft qiymətlərinin artması və ya rublun zəifləməsi ilə qismən yumşaldıla bilər".
“Alor Broker” şirkətinin analitikləri yazır ki, ABŞ-nin neft axınlarına xidmət göstərən banklara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edib-etməməsindən çox şey asılı olacaq: "Adətən, neft qlobal bazarda istehsalçıların özləri tərəfindən deyil, neft treyderləri tərəfindən satılır, yəni texniki olaraq xarici banklar Rusiya şirkətlərinə ödəniş etməyə bilərlər".
Trampın sanksiyaları səbəbindən Hindistanın ən böyük neft emalı zavodları, eləcə də Çinin dövlətə məxsus neft şirkətləri artıq Rusiya neftinin alışını dayandırıblar. Bu iki ölkənin alışı Rusiya limanlarından ixrac edilən neft tankerlərinin 90%-ni təşkil edir.
Hər dördüncü rublun neft və qaz gəlirlərindən ibarət olduğu Rusiya büdcəsi artıq təhlükə altındadır: yanvar-sentyabr ayları üçün əmtəə gəlirləri 21% azalıb və Maliyyə Nazirliyinin son hesablamalarına görə, kəsir ilkin plandan beş dəfə çox - 5,7 trilyon rubl olacaq.
Sovet dövründən bəri rekord səviyyələrə çatan hazırkı hərbi xərclər üçün vəsait toplamaqdan ötrü hökumət bu il korporativ vergini artırdı və fərqli fərdi gəlir vergisi sistemini tətbiq etdi. Gələn il üçünsə ƏDV dərəcəsini 20%-dən 22%-ə qaldırmağı planlaşdırır. Bütün bunlar Rusiya hökumətinin “çabalamasının” göstəricisidir.
Əlavə edək ki, Rusiyanın neft-qaz gəlirlərinin toplandığı Milli Rifah Fondu da “əriyib”. Fondun likvid hissəsi hazırda 50 milyard dollardan da azdır. Rusiyanın Qərbdə “dondurulan”, yəni, faktiki əlindən alınan və hissə-hissə Ukraynaya verilən vəsaitlərin həcmi isə 300 milyard dollara yaxındır.
Bu arada Vladimir Putin də Trampın yeni sanksiyalarının Rusiyaya təsir edəcəyini etitaf edib. O, dünən deyib ki, yeni məhdudiyyətlər Rusiya üçün "müəyyən nəticələrə" səbəb olacaq, lakin bununla yanaşı, iddia edib ki, bu, ölkənin iqtisadi rifahına əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Tramp isə bu sanksiyaların 6 ay ərzində Rusiyaya ciddi zərbə vuracağına əmindir.
C.Məmmədli






















