Gürcüstanda 80 MİLYONLUQ HEROİN TUTULDU - “QIRMIZI KÖRPÜ"DƏN KEŞİRİLİB...
Gürcüstan hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, həyata keçirilən əməliyyat zamanı ümumi dəyəri 80 milyon lari olan 250 kiloqram heroin müsadirə edilib.
Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında bildirib ki, əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş iki Gürcüstan vətəndaşı saxlanılıb. Onlara qarşı külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, ölkəyə gətirilməsi və çıxarılmasına görə ittiham irəli sürülüb. “Polis əməkdaşları beynəlxalq narkotik dövriyyəsinin qarşısını alaraq 250 kiloqram heroin ələ keçiriblər. Bu, “qara bazar”da təxminən 80 milyon lari dəyərindədir. Əməliyyat bir daha göstərir ki, Gürcüstanın hüquq-mühafizə orqanları bu kimi cinayətlərin qarşısını almaq üçün kifayət qədər resurs və peşəkarlığa malikdir”, – deyə Daraxvelidze vurğulayıb.
İstintaq materiallarına əsasən, heroin “yaş salfetlər” kimi bəyan edilən yük avtomobilində Azərbaycanın “Qırmızı Körpü” gömrük-keçid məntəqəsindən Gürcüstana gətirilib. Batumi Gömrük Rəsmiləşdirilməsi İqtisadi Zonasında yükə baxış zamanı yaş salfetlərin içərisində gizlədilmiş 2907 bağlama heroin aşkarlanıb.
Əlavə istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərdən birinin evində aparılan axtarış zamanı daha iki büküm heroin də götürülüb.
Əməliyyat Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi, Baş Prokurorluq və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsi tərəfindən birgə həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri üzrə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Press-fakr






















