İRANDA SİYASİ QALMAQAL - Bakıdan qayıdan xanım nazirin çantasında nə olub?
İranda böyük rezonans doğuran yeni siyasi qalmaqal baş verib. Hadisənin mərkəzində nəqliyyat və şəhərsalma naziri, prezident Məsud Pezeşkianın komandasındakı yeganə qadın nazir Fərzanə Sadiqi dayanır.
Qeyd edək ki, nazir ötən həftə Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin iştirakı ilə keçirilən “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı danışıqlarda iştirak edib.
Səfərdən sonra o, Tehrana təyyarə ilə deyil, avtomobillə dönmək qərarına gəlib. Təxminən altı saatlıq yol qət edərək Ərdəbil şəhərinə çatdıqdan sonra oradakı hava limanından paytaxta uçmaq istəsə də, təhlükəsizlik yoxlamasından keçməkdən imtina edib.
Hadisə şahidlərinin bildirdiyinə görə, nazirin hava limanı əməkdaşları ilə arasında mübahisə yaranıb. Sadəq əsəblə “bu hava limanının qapılarını da bağladacağam” deyə hədə-qorxu gəlib və sonda təyyarə ilə uçmaqdan imtina edərək Tehrana avtomobillə yola düşüb.
Növbəti gün hökumətin qərarı ilə Ərdəbil hava limanının direktoru Məhəmməd Kəsəbi vəzifədən azad edilib. Rəsmi açıqlamada bu qərarın “idarəetmə qiymətləndirməsi nəticəsində” verildiyi bildirilsə də, ictimaiyyət və deputatlar bu hadisəni nazirin davranışı ilə əlaqələndirirlər.

İran mətbuatında, xüsusən "Hashmehri Online" portalında sərt tənqidlər səslənib: “Əgər nazirdə gizli sənədlər olubsa, niyə onlar qaydalara uyğun təqdim edilməyib? Əgər şəxsi əşyalar idisə, o zaman təhlükəsizlik əməkdaşlarını təhdid etmək nədən irəli gəlirdi?”
Məqalədə vurğulanır ki, təhlükəsizlik qaydaları istisnasız bütün sərnişinlərə, o cümlədən nazirlərə şamil olunur.
İranlı politoloq Əlirza Ərdəbili Haqqin.az-a açıqlamasında bildirib ki, hadisə sıradan insident deyil: “İranın aviasiya sistemində belə hadisələrin ictimailəşməsi indiyədək görünməmiş haldır. Lakin burada əsas məsələ qadın nazirin şəxsiyyətidir. Mühafizəkar dairələr onun varlığından narahatdır.”
Ərdəbilinin fikrincə, bu insident vasitəsilə Pezeşkian hökumətindəki islahatçı qanada qarşı hücum başladılıb:
“Radikal dindar qüvvələr qadının nazir postunda olmasını qəbul edə bilmir. Hadisəni şişirdərək, onun istefasını tələb etməyə başladılar.”
Qeyd olunur ki, Fərzanə Sadiqinin Bakıya səfəri zamanı “Şimal–Cənub” dəhlizinin sürətləndirilməsi barədə razılıq əldə olunmuşdu. Bu layihə Tehranın illik 40 milyon ton tranzit yük və milyardlarla dollar gəlir gözlədiyi strateji istiqamətdir. Buna görə də, hökumət çevrələri hesab edir ki, qalmaqal uğurlu səfəri kölgəyə salmaq məqsədi daşıyır.
Nazirin çantasında nə olduğu hələ də bəlli deyil. Bəzi versiyalara görə, orada mühüm sənədlər, bəzilərinə görə isə şəxsi əşyalar olub. Lakin ekspertlər qeyd edir ki, məsələ artıq təkcə “çanta qalmaqalı” deyil, İranda qadınların və islahatçıların hökumətdəki rolu uğrunda mübarizənin yeni mərhələsidir.
Fərzanə Sadəqin istefa ehtimalı isə az qiymətləndirilir: çünki onun təyinatı Ali Rəhbər Əli Xameneinin fərmanı ilə təsdiqlənib və bu qərarın açıq şəkildə şübhə altına alınması Tehran siyasətində “qırmızı xətt” sayılır.
Press-fakt





















