Prezident GENERALI vəzifəsindən AZAD ETDİ - Yeni təyinat /DOSYE
General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
Press-fakt xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, 50 yaşlı İlqar Abbasov 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuşdu.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Dövlət başçısının Sərəncamı ilə həmçinin Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleyman oğlu Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.
Sərdar Səfərov 1973-cü ildə Sumqayıt şəhərində anadan olub. 1999-cu ildə Türkiyənin Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.
O, 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət edib.
2023-cü ilin yanvarında isə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. Eyni ildə polis general-mayoru Xankəndi şəhərinin komendantı olub, Prezident Xankəndiyə səfər edərkən raport verib.

Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında öz xidməti vəzifələrini yerinə yetirərək yüksək peşəkarlıq göstərdiyinə görə “Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.





















