“VAQNER” Britaniyada terror-diversiya ƏMƏLİYYATI KEÇİRİB - Dəstə üzvlərinə ağır cəza verildi
Londonun Mərkəzi Cinayət Məhkəməsi Böyük Britaniyanın 6 vətəndaşını Ukraynaya yardım üçün qurulan anbarı yandırmaqda və ya bu cinayəti gizlətməkdə təqsirli bilərək 7 ildən 17 ilədək həbs cəzasına məhkum edib.
Məhkəmənin qərarında qeyd olunur ki, bu cinayət Rusiyanın sifarişi ilə “Vaqner” özəl hərbi şirkətinin tapşırığı kimi həyata keçirilmiş planlı terror və diversiya əməliyyatı olub. Bu, Böyük Britaniyada xarici düşmən fəaliyyətlərinə qarşı mübarizə məqsədilə qəbul edilən “Milli Təhlükəsizlik Qanunu” çərçivəsində baxılan ilk işdir.
Hadisə 2024-cü il martın 20-də Londonun şərq hissəsində baş verib. Yanğın nəticəsində anbara 1,3 milyon funt sterlinq (təxminən 1,7 milyon dollar) məbləğində ziyan dəyib. Məlumata görə, yanğından sonra cinayətkar qrupun təşkilatçısı Rusiyaya qarşı tənqidi çıxışları ilə tanınan iş adamı Yevgeni Çiçvarkinə məxsus restoranı yandırmağı və onu qaçırmağı planlaşdırıb.
Məhkəmənin hökmünə əsasən, rupun rəhbəri, 21 yaşlı Dilan Erl 17 il həbs cəzası alıb. Ceyk Rivz yanğının əsas təşkilatçısı kimi tanınıb,Ceykim Rouz isə birbaşa icraçı olub. Daha sonra Niya Mensa hadisəni videoya çəkib. Aqnis Asmen isə cinayətkarların hadisə yerindən qaçmaq üçün istifadə etdiyi avtomobili təşkil edib.
20 yaşlı Eşton Evans isə törədiləcək terror aktından xəbərdar olsa da, hüquq-mühafizə orqanlarına məlumat vermədiyi üçün 7 il azadlıqdan məhrum edilib.
Məhkumların hamısının 23 yaşdan cavan olduğu bildirilir. Məhkəmə qərarı Britaniya hüquq-mühafizə orqanlarının Rusiya mənşəli təxribat və terror cəhdlərinə qarşı sərt mövqeyinin göstəricisi kimi qiymətləndirilir.
Press-fakt





















