“Bizim narkobaronlar sənin ölkəndə KEF EDİRLƏR”- Kolumbiya prezidenti

Kolumbiya vətəndaşları arasında narkotik ticarəti ilə məşğul olanlar var, lakin onlar ABŞ-da yaşayır və Amerika lideri Donald Tramp ilə əlaqələrindən narkotiklərin yayılması üçün istifadə edirlər.
Bu barədə Kolumbiya prezidenti Qustavo Petro bəyan edib.
“Kolumbiyalı ultrasağçılar Mayamidə yaşayır, narkotik alveri ilə məşğul olur, lobbiçilik fəaliyyəti aparır və müəyyən bir məqsədi izləyirlər. Bu məqsəd Donald Trampdan, onunla dostluqdan istifadə etməkdir”, - deyə o, yerli “Noticias Caracol” telekanalında yayımlanan mətbuat konfransında bildirib.
Jurnalistin ABŞ-ın beynəlxalq narkotik ticarəti ilə mübarizə bəhanəsi ilə Kolumbiyanın daxili işlərinə mümkün müdaxiləsini necə şərh edə biləcəyi barədə sualına cavab verən dövlət başçısı yenidən vurğulayıb ki, narkotacirlər ABŞ-da yaşayır və əsasən Mayamidə, eləcə də Nyu-Yorkda yerləşirlər.
“Onlar həmçinin Dubayda, Romada, Madriddə və digər şəhərlərdə də yaşayırlar”, – deyə Qustavo Petro əlavə edib.
Bundan əvvəl Tramp bəyan etmişdi ki, Kolumbiya və Meksika narkokartellərin nəzarəti altına düşüb. Hər iki ölkənin liderləri bir neçə dəfə söz atışmasına giriblər.
Qustavo Petro “Univisión” telekanalına müsahibəsində “dünya ya Trampı dəyişməli, ya da “ondan qurtulmalıdır” sözlərini işlədib.
Bu sözləri şərh edən Tramp kolumbiyalı həmkarını “bandit və pis insan” adlandırıb, ifadələrinə fikir verməyə çağıraraq, əks halda ona və onun ölkəsinə qarşı “ciddi tədbirlər” görəcəyi ilə hədələyib./musavat.com





















